“Tərbiyə məsələsində boşluqlar belə hallara gətirib çıxarır”-ŞƏRH

Tarix: 22:13 23.05.2025
Günün aktual mövzularından biri məktəblərdə azyaşlılar arasında bir-birinə qarşı zorakılıq, qəsdən yaralama və s. kimi mənfi halların olmasıdır. Bu məsələ məktəb nümayəndələri, şagird və valideynləri, eyni zamanda ictimaiyyəti narahat edən problemdir. Məktəblərdə nizam-intizam qaydalarının nə dərəcədə strukturlaşan vəziyyətdə olması sualı cəmiyyət arasında müzakirələrə və yeni fikirlərin ortaya çıxmasına gətirib çıxarır. İctimaiyyət arasında pedaqoji fəaliyyətin güclü olmaması, məktəb daxili qanunların strukturlaşmaması, şagirdlərin psixoloji problemlərinin olması və s kimi iddialar səslənir.
Bu barədə “informator.az”a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru, təhsil eksperti İlqar Orucov bildirib ki, məktəblərdə təhlükəsizlik hər zaman nəzərdə saxlanmalıdır:
“Məktəb ictimai sosial mühitdir və burada fərqli yaşa, ailələrə, dünya görüşə və psixoloji duruma malik şagirdlər təhsil alırlar. Amma məktəbdə fərqli yaşda və tərbiyədə olan uşaqlar təhsil alırsa, xoşa gəlməz halların mövcudluğu mümkündür. Ola bilər belə hallar olsun , amma bunun minimuma endirilməsi və belə hallarla çox rastlaşmamaq üçün davamlı şəkildə işlər görülməlidir. Məktəb rəhbərliyi və məktəb psixoloqu davamlı şəkildə o çətin tərbiyə olunan, hansısa davranışında məktəb davranış qaydalarından uyğun gəlməyən uşaqları daim nəzərətdə saxlamalıdırlar, mütəmmadi şəkildə onlarla işləməlidirlər. Belə olduğu təqdirdə, biz bu kimi xoşa gəlməz halları minimuma endirə bilərik. Məktəb çox mürəkkəb sosial və ictimai bir mühitdir. Son dövrlərdə bu istiqamətdə məsələlər gündəmdədir deyə daha çox narahatıq. Əvvəlki illərdə məktəblərdə xoşa gəlməz hallar olmurdu? Təbii ki, olurdu. Mən demirəm ki, olması yaxşıdır və yaxud əvvəl hansısa neqativ hall olubsa, bu gün baş verirsə, təkrarlanırsa, ona haqq qazandırıram. Söhbət burada haqq qazandırmadan getmir. Söhbət ondan gedir ki, belə hallar həmişə olub. Təhsilə cavab verənlər, məktəb, valideyn, ümumilikdə hamımız çalışmalıyıq ki, valideynlər evlərində övladlarına düzgün tərbiyə verməlidir ki, belə hallar olmasın. Məktəbdə bu kimi davranışlar şagirdlərə öyrədilmir. Onlar şagirddir, inkişaf etməkdə olan uşaqdır və bəzən özünü dərk edə bilmir, özünü təsdiq eləmək üçün bu kimi hallara yol verir. Bunun minimum olmasında və yaxud olmamasında ümumilikdə məktəb, valideynlər, müəllimlər bərabər işləməlidir. Tərbiyə məsələsində boşluqlar belə hallara gətirib çıxarır”.
Müsahib qeyd edib ki , məktəbdaxili zorakılıq və qəsdən yaralama halları təkcə təhsil sistemini deyil, eyni zamanda ətraf mühiti əhatə edən problemlərdəndir:
“Bunun aradan qaldırılması üçün məktəb və valideyn daim sıx əlaqədə olmalıdır. Şagirdlərin sağlam və təhlükəsiz şəkildə təhsillərini başa vurmaları üçün maarifləndirmə prossesi aparılmalıdır”.
Nurcan İsmayılova