Rusiya və Ukraniya arasında baş tutacaq növbəti görüş- Politoloqdan ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:58 23.05.2025

Rusiya və Ukrayna arasında birbaşa danışıqların növbəti raundu gələn həftə keçirilə bilər. Bu barədə məlumatı “Bloomberg” agentliyi öz mənbələrinə istinadən yayıb.


Məlumata əsasən, hazırda Vatikanın danışıqların keçirilməsi üçün potensial məkan kimi rolu müzakirə olunur. Lakin tərəflər arasında görüşün yeri ilə bağlı hələ dəqiq razılıq əldə olunmayıb.

Agentliyin iddiasına görə, Rusiya danışıqların davam etdirilməsi üçün İstanbul şəhərini ən optimal variant kimi nəzərdən keçirir.


Tərəflər arasında sonuncu birbaşa görüş mayın 16-da İstanbulda baş tutub.



Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə sərhəddə bufer zonanın yaradılması təklifi, əslində, Rusiyanın ilhaq etdiyi ərazilərdən daha da içərilərə doğru irəliləmək və yeni əraziləri işğal etmək məqsədi daşıyır:

 

“Dörd vilayətin ilhaqından sonra Odessaya qədər uzanan ərazilərdə, o cümlədən Odessanın özündə bufer zona yaradılması planlaşdırılır. Bu məsələ gündəmə gəldiyi andan etibarən Ukrayna rəsmiləri vasitəsilə işğalın davamı kimi qiymətləndirilib və danışıqlar prosesinə qarşı açıq çağırış hesab edilib. Ukrayna rəsmiləri bunu Prezident Putinin qəddar siyasətinin növbəti sübutu kimi dəyərləndiriblər. Bu addım qarşı tərəfin səbrini tükəndirə, danışıqlar prosesinə mənfi təsir göstərə bilər. Danışıqlarda müəyyən güzəştlər təklif olunaraq prosesin ümumi müstəvidə aparılması mümkün ola bilər.
Lakin bu şərtlərin sərtləşdirilməsi və müzakirə platformasının daraldılması, əslində, Rusiyanın danışıqlardan yayınmaq strategiyasının bir hissəsidir”.

 

Əminə Əliyeva