Veteran cüdoçumuz Avropa çempionu oldu

Tarix: 21:22 23.05.2025
"Veteran cüdoçularımızın mötəbər yarışlarda iştirakını müsbət dəyərləndiririk. Fərhad Rəcəblinin əzmkarlığı bütün cüdoçular üçün gözəl nümunədir".
Bu sözləri Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Ülkər Abbasova "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, Fərhad Rəcəbli bu yarışa qədər Avropa çempionatlarında 10 qızıl medal qazanıb:
"Buna görə də gözləntilər yüksək idi. F.Rəcəbli də bu gözləntiləri doğruldaraq 11-ci dəfə Avropa çempionu oldu. Bu yaşda belə güclü texnika göstərmək onun bacarığının və cüdoya olan sevgisinin göstəricisidir. Onlar çıxışları ilə gənclərə örnək olurlar. Bu idmançılar illərlə qazandıqları təcrübəni, mübarizə ruhunu və əsl cüdo dəyərlərini gənc nəsilə ötürərək, həm tatamidə, həm də həyat yolunda nümunəvi davranış sərgiləyirlər".
Müsahibin sözlərinə görə, veteran cüdoçularımızın belə yarışlarda iştirakı sevindirici haldır:
"Onların fədakarlığı, intizamı və daim formada qalmaq istəyi göstərir ki, idman yaşı tanımır, əsl idmançı ruhu ömür boyudur. Belə nümunələr təkcə idmanda yox, cəmiyyətin ümumi inkişafında da önəmli rol oynayır. Veteranların uğurları gənc cüdoçular üçün motivasiya mənbəyinə çevrilir və onları daha məsuliyyətli, məqsədyönlü şəkildə çalışmağa ruhlandırır.
Yarışda Azərbaycan 30 idmançı ilə təmsil olunur- 29 kişi, 1 qadın. İştirak müəyyən qədər şəxsi təşəbbüslə əlaqədardır".
Zəhra Möhübbətova