Cənubi Qafqazda Rusiya təhlükəsi

Bölmə: Siyasət › ,
Tarix: 21:40 23.05.2025

 

 

Cənubi Qafqaz — yəni, Azərbaycan, Gürcüstan və Ermənistanın yerləşdiyi bu strateji region — tarixən böyük güclərin maraq dairəsində olub. Bu gün də regionun geosiyasi əhəmiyyəti azalmayıb, əksinə, enerji yolları, hərbi-strateji mövqeləri və regional münaqişələri ilə beynəlxalq güclərin diqqət mərkəzindədir. Bu kontekstdə Rusiyanın regionda oynadığı rol və yaratdığı təhlükələr xüsusi önəm daşıyır.

 

Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, Lavrovun Ermənistana səfəri təkcə diplomatik məsələ deyil, bu həm də Paşinyanın 9 May Qələbə Paradında iştirakının davamı kimi qiymətləndirilə bilər:

 

"Bu iştirak Rusiyanın da müsbət cavabına səbəb oldu və Lavrovun səfəri bunun bir göstəricisidir.9 May paradı Rusiya üçün olduqca vacibdir. Həmin paradda nə qədər çox ölkə, xüsusilə də region ölkələri iştirak etsəydi, bu, Rusiyanın maraqlarına uyğun olardı. Ermənistana gəldikdə isə, düşünürəm ki, bu iştirak və sonrakı səfərlər Kremlin İrəvana verdiyi önəmi göstərir. Təbii ki, Rusiya Ermənistanla maraqlarını üst-üstə salmağa və münasibətləri yenidən formalaşdırmağa çalışır. Hazırda Rusiya ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 14 milyard dollara çatıb. Bu, Balaca Ermənistan üçün kifayət qədər böyük rəqəmdir. Bu artım göstərir ki, Ermənistan Rusiya üçün təkcə siyasi baxımdan deyil, iqtisadi baxımdan da mühüm tərəfdaşdır. Rusiya, sanksiyalardan yan keçmək üçün Ermənistanın ərazisindən istifadə edir — o cümlədən texnoloji məhsullar, məsələn, çiplərin ötürülməsi bu yollarla həyata keçirilir.Hazırda Rusiya Ermənistana yeni silahlar satmağa da maraqlıdır. Bu, Ermənistanı daha çox Rusiyadan asılı vəziyyətə salır. Həmçinin, Gümrüdə yerləşən hərbi baza və bu bazanın təhlükəsizliyi Moskvanın prioritetləri sırasındadır. Rusiya bu proseslərlə Ermənistanın hərbi potensialını artırmağa çalışır.Azərbaycan isə bu proseslərə diqqətlə yanaşmalıdır. Ermənistanın atdığı hər bir addım diqqətlə izlənilməli, onun Rusiya, Hindistan, Fransa və digər ölkələrlə münasibətləri analiz edilməlidir. Azərbaycan bu dəyişikliklərə qarşı hazır olmalı, regiondakı üstünlüyünü qoruyub saxlamalıdır".

 

Güllər Gülhüseynova