İçindən narkotik maddə çıxan konfetlər

Bölmə: Dünya › ,
Tarix: 21:22 03.06.2025

 

Hollandiyada içindən narkotik maddə çıxan "Haribo" markalı konfetlərin təhlükəsizlik məqsədilə Belçikada da yığıldığı bildirilib.

 

Belçika Qida Zənciri Təhlükəsizliyi Federal Agentliyi (FAVV-AFSCA) sözçüsü Liesbet Van de Voorde Anadolu Agentliyinin müxbirinə "Haribo" markalı məhsulların Belçikada bazardan geri çəkilməsi ilə bağlı yazılı açıqlama verib.

 

Van de Voorde bildirib ki, “Bu günə qədər istehlakçı təmas nöqtəsi vasitəsilə hər hansı sağlamlıq problemi ilə bağlı bir hadisə qeydə alınmayıb”.

 

Qərarın tədbir məqsədli olduğunu vurğulayan sözçü Haribonun rəsmi açıqlamasını da paylaşıb. Açıqlamada “HAPPY COLA FİZZ (1000 qram)” məhsulunu istehlak edənlərdən baş gicəllənməsi şikayətləri daxil olduqdan sonra bu məhsulun Hollandiyadan və Belçikadan geri çağırıldığı bildirilib.

 

Vəziyyətin yalnız 3 pakətdə aşkarlanmasına baxmayaraq, bütün ehtiyatların təhlükəsizlik məqsədilə geri çağırıldığı qeyd olunub. Həmçinin digər Haribo məhsullarının təhlükəsiz şəkildə istifadə edilə biləcəyi bildirilib.

 

Açıqlamada istehlakçılara “L341-4002307906” kodlu məhsullara rast gəlmələri halında onları istifadə etməmələri tövsiyə olunub.

 

TRT XƏBƏR

Lalə Qurbanlı