Rusiya-Türkiyə tandemi: Yeni ittifaqların xəbərçisimi?

Bölmə: Siyasət › ,
Tarix: 17:07 18.06.2025

İsrailin İrana qarşı hərbi əməliyyatları Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirib. Regionda baş verən eskalasiya ilə bağlı beynəlxalq narahatlıqlar artır. Bu çərçivədə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığında tərəflər İsrailin güc tətbiqini pisləyərək, vəziyyətin sülh yolu ilə həllinə çağırıblar. Onlar həmçinin İranın nüvə proqramı daxil olmaqla mübahisəli məsələlərin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.


Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya və Türkiyənin koordinasiyalı mövqeyi regionda sabitlik üçün vacibdir:


“Bəli, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı hər iki lider İsrailin İrana qarşı hərbi əməliyyatlarını pisləyiblər. Ərdoğan bu mövqeyini telefon danışığından əvvəl də açıq şəkildə ifadə edib və bölgədə baş verənləri təhlükəli adlandırıb. Putin isə məsələyə BMT Nizamnaməsinin pozulması prizmasından yanaşaraq, beynəlxalq hüququn pozulduğunu bildirib. Əgər bu qarşıdurma genişmiqyaslı hərbi müharibəyə çevrilərsə, təkcə birbaşa iştirakçılar deyil, bütün region ölkələri prosesə cəlb oluna bilər”.


Politoloq bildirib ki, İsrailin bu münaqişədə ABŞ və Avropa İttifaqının dəstəyinə arxalandığı müşahidə olunur:


“İsrail dəfələrlə ABŞ-nin münaqişəyə qoşulmasını istəyib, silah yardımı tələb edib. Avropa İttifaqı da İsrailin mövqeyini dəstəkləyir. Bu isə göstərir ki, Yaxın Şərqdə dərin və uzunmüddətli hərbi-siyasi xaos yaradılmasında Qərb maraqlıdır. Avropa açıq şəkildə Rusiyaya düşmən münasibət bəsləyir. Eyni zamanda, Qərbin Türkiyəyə münasibəti də ikili standartlardan ibarətdir. Münaqişə bölgəsi həm Rusiya, həm də Türkiyənin təhlükəsizlik maraqları ilə birbaşa bağlıdır. Ona görə də Putin və Ərdoğanın koordinasiyalı mövqeyi reallıqdan doğur və bu prosesin siyasi yollarla həllinə ümid yaradır”.


Ekspert Qərbin regional geosiyasi planları ilə bağlı məsələlərə də toxunub:


“Donald Trampın açıqlamaları da bunu təsdiqləyir. O, sosial şəbəkədə qeyd edib ki, ABŞ-İran danışıqlarında iştirak edən şəxslər artıq həyatda deyillər. Yəni, bu da sərt xətt tərəfdarlarının danışıqlara dönmək üçün təzyiqləri artırdığını göstərir. Ursula fon der Leyen isə açıq şəkildə İsraili dəstəklədiyini bəyan edir. Bu isə bir daha sübut edir ki, münaqişə Qərbin ssenarisi ilə baş verir və qlobal təhlükəsizliyə ciddi təhdiddir”.

Sonda Elşad Mirbəşiroğlu qeyd edib ki, Türkiyə və Rusiya real gücə və təsir imkanlarına sahib ölkələr olaraq regionda sabitliyin bərpasında əsas oyunçulardandır:

“Türkiyə və Rusiya koordinasiyalı şəkildə çıxış edərək həm təsirli mesaj verirlər, həm də real təsir gücünə malik olduqlarını göstərirlər. Pakistan, Səudiyyə Ərəbistanı da artıq İrana dəstək verəcəyini bəyan edib. Əgər münaqişə silahlı qarşıdurmaya çevrilərsə, danışıqlar imkanı tükənəcək. Tramp belə etiraf edir ki, münaqişə dayandırılmalıdır. Amma eyni zamanda Tehrandakı əhalinin şəhəri tərk etməsi çağırışı da gələcək genişmiqyaslı hücumların xəbərçisidir. Bu səbəbdən də hesab edirəm ki, Putin və Ərdoğanın mövqeləri bölgədə vəziyyətin normallaşmasına real töhfə verə bilər”.


Solmaz Muradova