ABŞ İran-İsrail münaqişəsinə qarışmaq istəyir

Bölmə: Siyasət › ,
Tarix: 20:18 18.06.2025

ABŞ-nin Yaxın Şərqdəki gərginliklərə marağı yenidən gündəmə gəlib. İran və İsrail arasında artan hərbi gərginlik Vaşinqtonun regionda fəallaşmasına səbəb olub. Ekspertlər ABŞ-nin münaqişəyə mümkün müdaxiləsini qlobal təhlükəsizlik üçün riskli hesab edirlər.

 

Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ İsrail-İran müharibəsinə müdaxilə etmək üçün doğru zamanı gözləyir:

 

"İrana müdaxilə iki mərhələdə həyata keçirilir. Öncə İsrail ilk mərhələdə müəyyən zərbələr endirir, hərbi fiqurları aradan götürür və mümkün qədər raket bazalarını məhv edir ki, ABŞ-nin ərəb ölkələrindəki dayaq nöqtələrinə ehtimal olunan İran zərbələrinin qarşısını alsın. İkinci mərhələdə isə ABŞ-nin iştirakı ilə həlledici hücum planlaşdırılır ki, bu mərhələdə xalqın da üsyana qaldırılması nəzərdə tutulur. İsrail artıq separatçı kürd liderlərini hərəkətə keçirib. PKK-nın İran qolunu inkişaf etdirib Türkiyəyə qarşı yeni problemin təməlini hazırlayır. Əslində İrana zəif lider gətirib fərqli separatçı qrupların əli ilə bölgəni narahat və başı bəlalı vəziyyətə salmaq istəyir. Çünki əsl hədəf Türkiyədir. "Vəd edilmiş torpaqlar" planı üzərindən hərəkət etməsi bölgə üçün, ümumiyyətlə dünya üçün ciddi təhlükədir. Türkiyəyə qarşı hesablanmış bu planlar İranın özü üçün də ciddi təhlükə yarada bilər. ABŞ-nin İran müharibəsinə müdaxiləsi Şimali Koreya kimi dövlətlərin də İran tərəfdən müdaxiləsinə gətirib çıxara bilər. Beynəlxalq təşkilatların rolu isə əhəmiyyətli dərəcədə proseslərə təsir edə bilmir. Əsasən Qərbin təsis etdiyi bu qurumlar yalnız ABŞ və İsrail tərəfdən məsələlərə baxırlar".

 

Ekspert həmçinin bunu da bildirib ki, beynəlxalq təşkilatlar sülhə təhdid yaradan hallarla bağlı hərəkətə keçməlidirlər:

 

"Müharibənin çevrəsi genişlənə bilər ki, bu da ümumiyyətlə bölgə üçün təhdid yaradır. Azərbaycan üçün də təbii ki, qonşuluqda müharibənin olması arzuedilməzdir və təbii ki, inkişafa maneə yaradır. Siyasi, iqtisadi və digər yöndən ölkələr arasındakı mübadilənin qarşısını alır, sülh və sabitliyə ciddi təhdid meydana gətirir. Elə bilirəm ki, danışıqlar, dialoq və atəşkəsin əldə olunması kimi humanitar addımların atılmasında ölkəmiz təşəbbüskarlıq edə bilər. Sülhün və sabitliyin tərəfdarı kimi müharibənin ziyanlı olduğu qənaətindəyik. Əgər hadisələr məcrasından çıxarsa çoxmilyonlu soydaşlarımız İrandan qaçqın və köçkün düşə bilər. Onların milli azadlıq mübarizəsi istismar oluna, vətəndaş müharibəsinə gətirib çıxara bilər ki, bu amillər ölkəmiz üçün də zərərlidir. Ümid edirik ki, beynəlxalq təşkilatlar bu halları nəzərə alaraq müəyyən addımlar atacaqlar".

 

Gülhüseynova Güllər