Rusiya MN-PUA istehsalı sexləri “Geran-2” ilə vurulub

Tarix: 15:31 07.07.2025
Rusiya Silahlı Qüvvələri Sum vilayətinin Konotop rayonu ərazisində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları və onların komplekt hissələrinin istehsal olunduğu sexlərə zərbələr endirib.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Nazirliyin açıqlamasına görə, zərbələr “Geran-2”tipli kamikadze dronları ilə həyata keçirilib. Hədəfin dəqiq məhv edildiyi bildirilir:
“Konotop yaşayış məntəqəsi yaxınlığında yerləşən Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA və ehtiyat hissələrinin istehsalı sexləri “Geran-2” pilotsuz uçuş aparatları ilə vurulub. Bununla bağlı görüntülər də yayımlanıb”.Hadisə ilə bağlı Ukrayna tərəfi hələlik rəsmi açıqlama verməyib.
Mövzu ilə əlaqədar politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, “Geran-2” dronlarının istifadəsi Rusiya üçün asimmetrik müharibə şəraitində müəyyən üstünlüklər yaradır:
“Bu tip kamikadze dronlar həm nisbətən aşağı maliyyətlidir, həm də düşmənin hava hücumundan müdafiə sistemlərini yormaq və onların zəif nöqtələrini yoxlamaq baxımından effektiv vasitə hesab olunur.
Ukraynanın PUA istehsal gücünə gəldikdə isə, belə bir obyektin sıradan çıxarılması yalnız texniki avadanlığın məhv edilməsi ilə məhdudlaşmır. Burada çalışan mütəxəssislərin təhlükəsizliyinə yaranan təhdid, logistika zəncirinin pozulması və ümumi istehsal prosesində gecikmələr kimi ciddi nəticələr doğura bilər. Bu da qısa müddətdə olmasa da, Ukraynanın ön cəbhəyə texniki dəstək imkanlarını zəiflədə bilər”.
Politoloq əlavə edib ki, görüntülərin yayımlanması isə təkcə hərbi informasiya xarakteri daşımır, həm də psixoloji təsir vasitəsi kimi qiymətləndirilə bilər:
“Belə videoların dövriyyəyə buraxılması həm daxili auditoriyaya – yəni Rusiyadakı ictimai rəyə – “biz irəliləyirik” mesajını vermək, həm də Ukrayna tərəfində narahatlıq yaratmaq məqsədi daşıyır.Hadisəyə Ukrayna tərəfinin hələ cavab verməməsi isə ya zərərin miqyası ilə bağlı dəqiq məlumatın hələ toplanmaması, ya da informasiya müharibəsində mövqelərini daha ehtiyatla müəyyənləşdirməyə çalışmaları ilə əlaqəli ola bilər”.
Ləman Mahmudlu