ABŞ dövlət borcunu 5 trilyon dollar artırıb

Tarix: 19:42 07.07.2025
ABŞ Prezidenti Donald Tramp Konqresin hər iki palatası tərəfindən təsdiqlənmiş və dövlət borcu tavanının 5 trilyon dollar artırılmasını nəzərdə tutan genişmiqyaslı qanun layihəsini imzalayıb. Layihədə, eyni zamanda, bəzi sahələrdə xərclərin azaldılması, lakin müdafiə və sərhəd təhlükəsizliyi üçün ayrılan vəsaitlərin artırılması planlaşdırılır. Artıq ABŞ-nin dövlət borcu 36 trilyon dolları keçib və bu qərar iqtisadçılar və investorlar arasında ciddi müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Altay İsmayılov bildirib ki, dövlət borcu limitinin artırılması qlobal maliyyə bazarlarına və ABŞ iqtisadi sabitliyinə birbaşa təsir edir:
“Deməli, belədir ki, ümumiyyətlə, ABŞ borclanmağa daha çox dövlət istiqrazları çap edərək gedir. Bu da təbii ki, qlobal miqyasda investorların marağına səbəb olur. Çünki daha çox dövlət istiqrazı həm də investorlar üçün daha çox gəlirlilik deməkdir. Belə olan halda, qlobal maliyyə bazarına bunun təsiri qaçılmazdır.
Çünki iqtisadiyyatda “isti pul” deyilən bir anlayış var. O da odur ki, yeni kapital baxır: hansı bazar daha cəlbedicidir? Bu kapital sürətlə bir ölkəni tərk edib başqa bazara axa bilir. Amerikanın belə siyasəti, xüsusilə də borclanmanın artması, isti pulun – maliyyə vəsaitlərinin – inkişaf etməkdə olan ölkə bazarlarından qaçışına səbəb ola bilər.
Çünki bu ölkələrdə risklilik yüksəkdir və pul riski sevmir – daha az riskli olan bazarlara yönəlir. Amerika istiqrazları da az riskli investisiya sayıldığı üçün, pul ora yönələ bilər. Nəticədə, inkişaf etməkdə olan ölkələrin valyuta məzənnələrinə və səhm bazarlarına təsir göstərəcək”.
İnflyasiya və dolların dəyərinə təsirlərdən danışan politoloq əlavə edib:
“Xərclərin artırılması, xüsusilə təhlükəsizlik və sərhəd xərclərinə yönəlməsi, ABŞ bazarında tələb artımı yarada bilər. Bu da inflyasiyanın yüksəlməsinə gətirib çıxarar. ABŞ bazarında inflyasiya olduqda isə bu qlobal bazara da təsir edir. Nəticə etibarilə, Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini artırmağa gedə bilər.
Dolların dəyərinə gəlincə isə, qısamüddətli dövrdə dövlət istiqrazlarına olan tələbin artması dollara olan inamı yüksəldə bilər və bu da onun güclənməsinə səbəb olar. Amma uzunmüddətli dövrdə bu borclanma davam edərsə, dolların dəyəri zəifləyə və investorların etimadı sarsıla bilər”.
Solmaz Muradova