”Mən Ukraynaya kömək edirəm”-Tramp

Tarix: 18:30 07.07.2025
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya ilə müharibədə Ukraynaya çox kömək edir.
Mövzu ilə bağlı “İnformator.az”a siyasi şərhçi Elmir Səftərov bildirir ki, Donald Trampın şərhi Kiyevdə ABŞ Müdafiə Nazirliyinin əsas silahların, o cümlədən “Patriot” hava hücumundan müdafiə raketlərinin və dəqiq idarə olunan hərbi sursatların tədarükünü dayandırmaq qərarına görə artan etirazın ardınca verilib:
“Tramp dəfələrlə müharibəni bitirmək və Ukraynanı dəstəkləmək istədiyini desə də, o, bu ilin yanvar ayında vəzifəyə gəldiyindən bəri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyib və əlavə hərbi yardım paketlərini hələ də təsdiq etməyib. Tramp iyulun 4-də Vladimir Zelenski ilə telefon danışığını “çox strateji” çağırış kimi qiymətləndirsə də, Ukraynanın hava hücumundan müdafiə sistemlərinə təcili ehtiyacını müzakirə etsə də, Kiyevə vacib silahların tədarükü üçün heç bir yeni icazə verilməyib. Tramp administrasiyasının Ukraynaya bəzi silahların tədarükünü dayandırmaq qərarı Amerikanın maraqlarına uyğun həyata keçirilən siyasi strategiyanın davamı, eyni zamanda, Moskva ilə Kiyev arasında davam edən müharibədə təzyiq metodudur. Donald Tramp Vlodimir Zelenskini danışıqlar masasına oturtmaq məqsədilə Ukraynaya dəstəyini geri götürməklə hədələməsi və əvvələr yardım göndərilməsini qısa müddətə dayandırması Rusiya üçün yeni üstünlüklər yaradır".
Həmçinin politoloq qeyd edib ki, ABŞ-nin Ukraynaya olan dəstəyindəndə danışıb:
"ABŞ uzun müddət Ukraynanın ən böyük dəstəkçisi olsa da, Trampın prezident səlahiyyətlətini yerinə yetirməsindən bu yana Ukraynaya hər hansı yeni yardım elan etməməsi fonunda Avropa ölkələri Ukraynaya dəstəyini artırıb. Bu da hazırda Avropanın ən böyük donor kimi ABŞ-ni geridə qoyması ilə nəticələnib. Ukrayna da anlayır ki, müharibədə balanası saxlamaq və hava məkanının təhlükəsizliyini böyük ölçüdə qorumaq istəyirsə, ABŞ silahlarına ehtiyacını digər tərəfaşları Vaşinqton qədər effektiv qarşılamaq potensialında deyil. Xüsusilə ballistik raketlər üçün bunu yalnız ABŞ təmin edə bilər. Onların kəsilməsi Ukraynanın hava hücumundan müdafiə sistemində böyük boşluq yaradır. Bütün bu problemli müzakirələ isə Rusiyanın son həftələr Ukraynaya qarşı hava hücumlarını artırdığı vaxta təsadüf edir. Fikir versək görərik ki, ABŞ-nin yardımlarındakı ləngimələr və onların dayandırılması Rusiyanın döyüş meydanında uğurlarını daim sürətləndirib”.
Aysel Mirzəyeva