“Rusiya Ukrayna ilə bağlı çox çətin qərar verəcək”-Bilbiya

Tarix: 20:05 07.07.2025
Rusiya israr edəcək ki, Ukrayna nə NATO-ya, nə də AB-yə qəbul olsun, Brüssel isə bunu nəzərə almalı olacaq.
Mövzu ilə bağlı “İnformator.az”a AĞ Partiya başqanının sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirir ki, Rusiyanın Ukrayna planı heç kəsə sirr deyil:
“Artıq onun icrasını başa çatdırmaq üçün bütün gücünü səfərbər edib. Buna da səbəb Qərb müttəfiqlərinin Rusiya qarşısında yenə də “dişsiz” görünmələri oldu. Demək olar ki, Putin Rusiyası qismən də olsa Ukrayna hədəflərinə çatmış durumda görünür. Ən azından hələ ki, Kiyevin NATO və Avropa Birliyinə gedən yolunu kəsib. Artıq Avropa gücləri də Ukraynanı qoltuqlarının altına almaqda, yəni bu iki quruma üzv qəbul etməkdə maraqlı deyillər. Çünki, hədəflərinə çatdılar, ən azından Ukraynanın əli ilə Rusiyaya müəyyən qədər zərbələr vurmağı bacardılar. Burada ən çox itirən bir tərəf var, o da Zelenski iqtidarıdır. Onsuzda işğal hücumu ilə Rusiya bütün beynəlxalq prinsipləri pozub. Bu da ilk deyil. 90-larda Çeçenistana hücumda bunun şahidi olduq, ardınca 2008-ci ilə Gürcüstana hücumda buna şahidlik etdik, 2014-cü ildə Ukraynaya hücum və Krımın ilhaq edilməsini unutmadıq, son olaraq da, 2022-ci ilin fevralındakı məlum hücumu izlədik. Bunların heç birində Qərb mütəffiqləri Rusiyaya istənilən müqaviməti nəinki göstərdilər, qızışdırıb ortalığa atdıqları ölkələri sonunda meydanda tək buraxdılar. Necə ki, indi Ukraynanın timsalında biz buna şahidlik edirik”.
Həmçinin şərhçi qeyd edib ki, Kreml heç bir beynəlxalq hüquq normaları tanımır:
“Bu hamıya məlumdur. Amma əvəzində NATO və Avropa Birliyi kimi nüfuzlu beynəlxalq qurumlar da axı öz prinsiplərinə xəyanət edirlər. Hanı Gürcüstan və Ukraynanın NATO üzvlüyü? Bəs Saakaşvili və Zelenskiyə vəd vermişdilər? İkiüzlüdürlər. Onun üçün də onların toruna düşməmək hər bir dövlətin yürütdüyü əsas siyasi xətt olmalıdır. Bütün tarix boyu belə olub. Avropa kralları da keçmişdə bu hiyləgər xətti aparıblar. İndi də davamçıları. Artıq onların arasında da fikir ayrılıqları durmadan dərinləşir, parçalanmalar müşahidə edilir. Biz bunu Ukrayna ilə bağlı son proseslərdə gördük. Trampla digər Avropa ölkələri demək olar ki, üz-üzə dayandılar. Bu da ondan xəbər verir ki, bu parçalanma, fikir ayrılıqları durmadan dərinləşəcək. Çünki, Ukrayna məğlubiyyəti artıq hiss olunmaqdadır. Bir sözlə proseslər heç də xoş istiqamətə cərəyan etmir. Rusiyanı dayandıran güc lazımdır”.
Aysel Mirzəyeva