Texasda güclü daşqınlar: Onlarla insan həlak olub, axtarışlar davam edir

Bölmə: Dünya › ,
Tarix: 22:22 07.07.2025

 

ABŞ-nin Texas ştatında baş verən güclü daşqınlar nəticəsində təkcə Kerr qraflığında (mahalında) azı 75 nəfər həyatını itirib. Ümumilikdə isə fəlakət nəticəsində ölənlərin sayı 80-i keçib.

Texas rəsmiləri bölgədə yağışın davam edəcəyini və yaxın 24–48 saat ərzində yeni tufanların baş verə biləcəyini bildiriblər. Ən azı bazar ertəsi axşamına qədər daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq qüvvədə qalacaq.

Kerr qraflığında yerləşən və qızların yay düşərgəsi kimi fəaliyyət göstərən Camp Mystic rəhbərliyi ölənlər arasında ən azı 27 nəfərin – qızlar və düşərgə işçilərinin olduğunu təsdiqləyib.

Qeyd edək ki, fəlakət cümə günü səhər saatlarında Qvadalupe çayının səviyyəsinin bir saatdan az müddətdə 8 metrdən çox qalxması ilə başlayıb və böyük dağıntılara səbəb olub.

ABŞ Prezidenti Donald Tramp bazar günü Kerr qraflığını böyük fəlakət zonası elan edən bəyanatı imzalayıb. Bu qərar, xüsusilə daşqınla bağlı əvvəlcədən xəbərdarlığın kifayət qədər olub-olmaması ilə bağlı yaranan suallardan sonra verilib.

Hazırda onlarla itkin düşmüş şəxsin axtarışı dördüncü gündür davam etdirilir.

Mənbə: BBC
Türkan Kərimli