Almaniyanın üç əyalətində meşə yanğınları

Tarix: 20:48 07.07.2025
Almaniyanın Türingen, Saksoniya və Brandenburq əyalətlərində davam edən meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam edir.
Artıq təxminən 5 gündür ki, adıçəkilən Türingen, Saksoniya və Brandenburq əyalətlərində meşə yanğınlarının yüksək temperatur, güclü küləklər və su təchizatındakı çətinliklər səbəbindən nəzarət altına alına bilmədiyi bildirilib. Yanğınlara qarşı mübarizə tədbirləri çərçivəsində yanğınsöndürən qruplarla yanaşı, silahlı qüvvələr və polis helikopterləri də söndürmə işlərinə cəlb olunub.
Yanğından ən çox zərər çəkən bölgələrdən biri Saksoniya ilə Brandenburq əyalətləri arasında yerləşən və bir zamanlar Sovet İttifaqının təlim ərazisi kimi istifadə olunan Gohrischheide adlı təbiəti mühafizə zonasıdır. Bildirilib ki, burada qalan hərbi sursatların partlama riski səbəbindən söndürmə işləri böyük çətinliklərlə aparılır.
Rəsmi qurumların yaydığı məlumata görə, yanğın təxminən 2 min 100 hektar ərazini əhatə edir. Həmçinin, peyk görüntüləri vasitəsilə yanğının miqyasını qiymətləndirmək və dəqiq zərəri müəyyən etmək üçün təhlillər aparılır.
Haber Global
Nuray Əliyeva