ABŞ-nin ölkəmizə tətbiq etdiyi 25%-lik tarif qərarı “təəssüf doğurur”-Yaponiya Baş naziri İşiba

Bölmə: Dünya › ,
Tarix: 12:25 08.07.2025

Yaponiya Baş naziri İşiba Şigeru, ABŞ Prezidenti Donald Trampın Yaponiyaya 25%-lik tarif tətbiq etmək qərarını “təəssüf doğuran” bir addım kimi dəyərləndirib.


Kyodo xəbər agentliyinin məlumatına görə, İşiba tariflərlə bağlı işçi qrupunun iclasında ABŞ-nin qərarına dair fikirlərini bildirib.


O, ABŞ-nin Yaponiyaya 25% tarif tətbiq etməsinin təəssüfverici olduğunu qeyd edərək, qarşılıqlı fayda verən bir razılaşma əldə etmək üçün ikitərəfli danışıqların davam edəcəyini bildirib.


İşiba əlavə edib ki, Trampın əvvəllər qeyd etdiyi rəqəmlərlə müqayisədə tarif faizi nisbətən aşağıdır və bu, uzun müddətdir müttəfiq olan iki ölkə arasında gələcək ikitərəfli danışıqlar üçün imkan yaradır.


“Əfsuslar olsun ki, aramızda bəzi fikir ayrılıqları var və hələlik razılaşma əldə olunmayıb. Yaponiya ehtiyac duyduğu məsələləri qoruyur və asanlıqla güzəştə getmir”, – deyə İşiba vurğulayıb.


Tramp isə İşibaya ünvanladığı məktubda belə yazıb:
“Zəhmət olmasa, anlayın ki, bu 25%-lik tarif ölkənizlə aramızdakı ticarət kəsirini aradan qaldırmaq üçün lazım olan göstəricidən çox daha aşağıdır”.


Tramp oxşar bir məktubu Cənubi Koreyaya da göndərmiş və orada da bu cümləyə yer vermişdi:
“Bu gömrük rüsumları ölkənizlə münasibətlərimizə uyğun olaraq artırıla və ya azaldıla bilər”.


TRT HABER
Solmaz Muradova