Tramp Yaponiya və Cənubi Koreyaya 25% rüsum tətbiq edəcəyini elan edib

Bölmə: Siyasət › ,
Tarix: 15:29 08.07.2025

Prezident Donald Tramp ABŞ-nin iki ticarət tərəfdaşı – Yaponiya və Cənubi Koreya üzərinə təzyiqi artıraraq, bazar ertəsi həmin ölkələrin rəhbərlərinə məktublar göndərib və onları yeni rüsum dərəcəsi barədə məlumatlandırıb.

Mövzu ilə bağlı plitoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Amerika Prezidenti Donald Trampın hakimiyyətə gələn vaxtan bəri həyata keçirdiyi əsas siyasi istiqamətlərdən biri dünyanın bütün ölkələrinə tarif dərəcələri tətbiq etməsi olub:

"Müxtəlif ölkələrə müxtəlif faiz dərəcələri ilə tətbiq edilən bu tariflər əlbəttə ki, ümumən beynəlxaq iqtisadiyyata da özünün neqativ təsirini göstərir. Donald Tramp bunu Amerika iqtisadiyyatına iqtisadi mənfəət gətirməklə bağlıyır və hesab edir ki, bu qərar Amerikada istehsalın həcminin artırılmasına kömək edəcək. Nəticədə Amerikaya ucuz mal satan ölkələr də Amerikanın maraqlarını nəzərə almağa məcbur olacaqlar. Yaponiya və Cənubi Koreya Amerikanın strateji müttəfiqləridir. Hər iki ölkə dünyada sürətlə inkişaf edən iqtisadiyyata sahibdir. Onların Amerika ilə çox ciddi ticarət dövriyyələri var və Amerikanın onlara tətbiq etdiyi iqtisadi təzyiqlərin kökündə duran əsas məsələlərdən biri daha çox mənfəət götürməkdir. Bu hadisə Yaponiya və Cənubi Koreya iqtisadiyyatına müəyyən qədər neqativ təsir edəcək. Düşünürəm ki, onlar Amerika ilə bu məsələdə anlaşa biləcəklər. Çünki onların Amerikanın iradəsinə qarşı çıxmaq imkanları yoxdur. Belə ki, hər iki dövlət Çinin təhdidi altındadır. Həm Yaponiya, həm də Cənubi Koreya bu tipli problemləri ABŞ ilə diplomatik müstəvidə həll etməyə çalışacaqlar".


Fatimə Heydərova