“Trampın BRICS tərəfdaşlarını rüsumlarla təhdid etməsi məsuliyyətsizlikdir”-Lula da Silva

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:19 08.07.2025

ABŞ Prezidenti Donald Trampın BRICS birliyinin tərəfdaşlarına qarşı gömrük rüsumları tətbiq etməklə bağlı təhdidləri məsuliyyətsiz və qeyri-ciddidir.


Mövzu ilə bağlı “İnformator.az”a iqtisadçı Pərviz Heydərov bildirir ki, BRICS ABŞ başda olmaqla Qərb ölkələri üçün böyük əks qütbə və çox ciddi bir rəqabət ortağı sayılır:

 

"Hazırda özündə cəmi 9 ölkəni birləşdirən bu təşkilat dünya iqtisadiyyatında və siyasətində kifayət qədər öz gücü, nüfuzu və rolu olan ölkələri əhatə edir. Təkcə Rusiya, Çin, Hindistan, Braziliyanı qeyd etsək, kifayətdir. O baxımdan ki, bunların hər birinin ayrı-ayrılıqda böyük potensialları var və bu potensial hər il daha da artmaqdadır. Üstəgəl, bu ölkələr demək olar hamısı ABŞ siyasətindən narazı vəziyyətdədirlər. Onları bir çətir altına gətirən və yaxınlaşdıran səbəblərdən biri də məhz bu nüansdır. BRICS-ə qoşulmaq istəyən ölkələrin sayı getdikcə artır. Odur ki, sözügedən təşkilat tezliklə daha çox nüfuzlu, böyük bir quruma çevriləcək. BRICS ölkələri çox sürətlə inkişaf edirlər. Ötən il BRICS ölkələri üzrə cəmi ümumi daxili məhsul (ÜDM) istehsalı həcmi qlobal ÜDM-in 35.7%-ni təşkil edirdi. 15 ildə təşkilatın qlobal iqtisadiyyatda payı 10.2% artım nümayiş etdirib. G7 ölkələrinin qlobal iqtisadiyyatda payı isə bu müddətdə 9,7% azalaraq 29%-ə düşüb. BRICS ölkələrinin dünya ümumi daxili məhsul istehsalındakı payı çoxdan "Böyük yeddiliyin" göstəricisini üstələyir və artmaqda davam edir. ABŞ başda olmaqla Qərb ölkələri bu durumdan çox narahatdır. Daim istismarçı, ikiüzlü, parçala və hökm sür, xaos yaratmaq məqsədi daşıyan siyasət yürütməkdə olan adıçəkilən Qütb ölkələri BRICS-in qol-budağını baltalamaq məqsədilə müxtəlif vasitə və üsullara əl atmağa çalışırlar. ABŞ Prezidenti Donald Trampın BRICS birliyinin tərəfdaşlarına qarşı gömrük rüsumları tətbiq etməklə bağlı təhdidləri əlbəttə ki, qeyri-real və məsuliyyətsiz bəyanatlardır. Təkcə, Çinə qarşı sözügedən addımlar bütün dünyanı silkələdi, Ağ Ev məcbur qalaraq danışıqlara getdi”.


Aysel Mirzəyeva