“BOLŞEVİZİM FƏDAİSİ” VƏ YA QULDURBAŞI

Tarix: 21:37 08.07.2025
Görkəmli yazıçımız Manaf Süleymanlı yazır ki, “Mir Cəfər Bağırovun həyat və fəaliyyəti barədə yeni nəslin məlumatı olduqca azdır. Onun adı bizim günlərdə, təəssüf ki, ancaq mənfi emosiya doğurur. Bu isə nəinki kütləvi təfəkkürün, hətta professional idrakın özünün də Bağırov fenomenini obyektiv qavramasına mane olur. M.C.Bağırov fenomeni, hər şeydən əvvəl, ona görə səbrlə öyrənilməlidir ki, Azərbaycan fenomenidir, milli həyatımızın məhsuludur. Bu şəxsiyyət 20 il xalqa rəhbərlik edib və onu ancaq “xalq düşməni” kimi tanımaq, əslində tanımamağa bərabərdir”.
Manaf müəllim tamamilə haqlıdır! Çünki M.C.Bağırov haqqında olan bilgilərimiz çox ziddiyyətlidir. (Bu bəlkə, elə bəlkəsiz ondan irəli gəlir ki, bizlər “gələnə çəpik, gedənə təpik” vurmaqda mahirik. Vəzifədə olarkən “kişi”, “müəllim” deyə gündə min dəfəsağına-soluna fırlananlar, kölgəsində daldalananlar, sayəsində “adam olanlar” məhkəmədə birinci Mir Cəfərin üzünə duranlar oldu. Məsələn, Teymur Quliyev, Teymur Yaqubov, Ağasəlim Atakişiyev və başqaları. Hansı ki, onlar Mir Cəfərin xeyir-duası ilə ən yüksək vəzifələrə qədər ucalıb, əlləri çörəyə çatıb. Çox təəssüf ki, “bu “əxlaq nümunəsi” bizdə bu gün də davam etməkdədir”).
Manaf müəllim demiş “indi sənətindən asılı olmayaraq, bildi-bilmədi hamı bu mövzuda mülahizə yürüdür, münasibət bildirir”. Doğrudur burada ən böyük iş tarixçilərin üzərinə düşsə də, onu görən, onunla təmasda olan müşahidəçilərin də fikirləri (təbii obyektiv olarsa) maraqlıdır. Bu gün isə ölkəmizdə hələlik böyük əksəriyyət onu “Azərbaycan xalqının cəlladı” adlandırır və “Stalin Azərbaycandakı repressiyanı onun əliylə gerçəkləşdirdi”,-deyərək hər zaman lənətləyirlər. Amma onu görən, onunla işləyənlər arasında fərqli fikir söyləyənlər də var. “Mir Cəfər heç zaman yerlipərəstlik, qohumbazlıq kimi xırdaçılığa enməyib. Hamıya eyni gözlə baxırdı. Doğmaları, qohumları ona müraciət etməyə cürət etmirdilər. Mir Cəfər işlədiyi müddətdə bir qubalını da məhz qubalı olduğu üçün vəzifə başına çəkmədi. Bağırov azacıq imkan yaratsaydı poeziyamızın da, nəsrimizin də, yəqin ki, əsas “ilham mənbəyi” olacaqdı”,-deyə onun haqqında müsbət fikir söyləyənlər də var.
Əslində arxiv sənədləri də sübut edir ki, Mir Cəfər Bağırovun “həyatında “mürəkkəb” (bir sıra hallarda isə “qaranlıq” dövürlər çoxdur”. Məsələn “rəsmi tərcümeyi-hallarda M.C.Bağırovun istər 1917-ci il fevral burjua-demokratik inqilabına qədər, istərsə də, sonra hansı partiylara üzv olduğu, dünyagörüşündəki təbəddülatlar barədə məlumat yoxdur.
1917-ci ildə Qubada bolşevik partiyasına daxil olan M.C.Bağırov Quba inqilab komitəsi sədrinin müavini seçilib bəylərə, xanlara qarşı mübarizə aparıb”. 1918-1920-ci illərdə isə (1920-ci ilin aprel işğalına kimi) M.C.Bağırov sənədlərə əsasən gah Bakıda, gah da Qızıl Ordunun tərkibində Həştərxanda olub. Bütövlükdə isə 1917-ci ildən 1920-ci ilin aprel işğalına kimi M.C.Bağırovun tərcümeyi-hallarında bir-birini təkzib, inkar edən, ziddiyyətli, anlaşılmaz faktlar çoxdur.
O dövrün çanlı şahidi olan, “Vicdanı və Şərəfini ehtiyacından” qat-qat üstün tutan, “Mən görmədiklərimi yaza bilmərəm”,-deyə yalnız Vicdanının səsini dinləyərək həqiqəti yazan Həmidə xanım Cavanşirin (Məmmədquluzadə) “Xatirələrim” dən aydın olur ki, M.C.Bağırov bəylərə, xanlara qarşı “mübarizə”ni Qarabağda yol kəsməklə, karvan soymaqla, adam öldürməklə, bir sözlə quldurluqla aparıb.
Həmidə xanım yazırdı: “Qarabağda bir kənddən o biri kəndə getmək mümkün deyildi: quldur dəstələri günün günorta çağı adam soyurdular. Bu quldur dəstələri çox vaxt öz aralarında nüfuz davası apararaq atışır, ölüb-öldürür, bir-birini basıb ərazidən çıxarmaq üçün savaşır, bölgədəki vəziyyəti daha da ağırlaşdırırlar. Bu, Qarabağda çar istismarının, məmur talançılığının, yerli rus məmurlarının dəstək verdiyi erməni iğtişaşlarının baş alıb getdiyi, kasıb xalqın bir yandan aclıq, qıtlıq, epidemiya, bir yandan da qaçaq-quldur dəstələri əlində aciz qaldığı, nəfəslərin təntidiyi dönəmdi”.
Belə günlərin birində Həmidə xanımın evində hökumət adamları qonaq imiş. Elə bu vaxt bir nəfər gəlib inadla Həmidə xanımı görmək istəyir. “Mircəfərin göndərdiyi, saç-saqqal basmış, cır-cındır və çirk icində olan cüssəli adamı Həmidə xanım arxa otaqların birində qəbul etməli olur. Vaxtsız qonaq gözlərini yerə dikib deyir:
- Xanım, Mircəfər dedi ki, sənə çatdırım: göydə Allah, yerdə sən bizi qurtar.
Həmidə xanım Mircəfərin adını çox eşitmişdi. Bu tərəflərdə onun adı uşaqdan-böyüyə hər kəsə bəlli idi. Mircəfər Qarabağda ad çıxaran bir neçə ünlü quldur dəstəsindən birinə başçılıq edir, yol kəsir, karvan soyur, adam öldürürdü. Sözsüz ki, bu işlər Həmidə xanıma yaxşı bəlli idi, ancaq hər kim olur-olsun üzünü görmədiyi, salam-əleyk kəsmədiyi, dara düşən bir insan ən ağır günündə Həmidə xanıma əl açmışdı və hansı təhlükə olsa belə bu əli geri itələmək Həmidə xanımın təbiətinə yaddı. Elə Mircəfər də bu xanımın alicənablığını, səxavət və mərdliyini yaxşı bildiyindən külli Qarabağda o qədər pullu-hallı bəy kişiləri bir yana qoyub bir qadına pənah gətirmişdi.
Bəlli olur ki, Mircəfərin quldur dəstəsi uzun müddət nüfuz davasında olduğu başqa bir dəstəyə atışmada mühasirəyə düşüb, qaçan qaçıb, qırılan qırılıb, çox az adam qalıb, qalanların da çoxu yaralıdır və bir kahada gizlənirlər, açığa çıxa bilmirlər. Yeyəcəkləri, sursatları, hər şeyləri tükənib. Düşmənləri təqibdən əl çəkmir. Xanım kömək edərsə buradan salamat çıxıb gedə bilərlər, yoxsa hamısı elə o kahadaca qalıb gəbərəcək.
Həmidə xanım onları evinə ala bilməzdi, çünki həmin vaxt canişinlikdən rəsmi qonaqları vardı, lakin bu adamları darda da qoya bilməzdi. Bir az götür-qoydan sonra nökərini həmin adama qoşub Abdal Gülablıdakı inandığı bir qohumunun Camal bəy Mirzəyevin üstünə göndərir. Beləliklə, Mircəfər və başının qırılıb qalan yaralı, ac, bit basan beş-altı adamı həmin gecə gizli yollarla Abdal Gülablıya aparılır və məhv olmaqdan xilas edilir. Həmidə xanımın xatirinə o qalan Mircəfər Camal bəygildə düz bir ay qalır, yaralarına dava-dərman edilir, əyin-başı sahmana salınır, təzələnir, yeyib-içib, əmələ gəlib ayağa qalxır. Axırda da kisəsinə pul, heybəsinə çörək qoyulub yenə gizli yollarla Bakıya yola salınır. Bu da olur Mircəfərin Qarabağdakı “inqilabçılıq fəaliyyəti”, “bolşevizm fədaisi”. Aradan illər ötdü. Bir quldur, yolkəsən gəlir Azərbaycan Sovet Respublikasının başçısı təyin edilir”.
İllər sonra M.C.Bağırov “çirkli keçmişindən doğan nata-mamlıq kompleksini ört-basdır etmək üçün” Mirzə İbrahim-ovun vasitəsilə Həmidə xanımdan “xahiş” edir ki, onun Qarabağdakı “inqilabçılıq fəaliyyəti” haqqında xatirələrini yazsın. “Bağırovun vətən və xalq qarşısındakı xidmətləri unudulmasın, kommunist gənclərə örnək olsun”. Həmidə xanım isə “Mən görmədiklərimi yaza bilmərəm”,- deyə qəti etrazını bildirir. Həmidə xanım yazmasa da “qələmi pula batırıb ən amansız qatili milli qəhraman edən “yazar”larımız da oldu”. Amma unutmayaq ki, onların bir zaman kitab rəflərini “bəzəyən” bu əsərləri sonralar zibilə çevrildi. Yazar üçün bundan dəhşətli, təhqiramiz bir şey ola bilərmi?
Əməkdar jurnalist Qərənfil Dünyaminqızı