Çevriliş planlarını dəstəkləyib

Tarix: 19:58 08.07.2025
Ermənistanın baş naziri Nikol Paşinyan, Erməni Apostol Kilsəsinin arxiyepiskopları Baqrat Qalstanyan və Mikael Acapaxyanın cinayət təqibinin qanunsuz olması ilə bağlı bəyanatına reaksiya verib. Paşinyan sosial şəbəkələrdəki paylaşımında onları ölkədə hərbi çevriliş hazırlamaqda ittiham edib.
Xatırladaq ki, iyunun 26-da Ermənistan İstintaq Komitəsi "Müqəddəs mübarizə" hərəkatının rəhbərləri və iştirakçıları arasından 15 nəfərin ölkədə terror aktları təşkil etmək və hakimiyyəti ələ keçirmək üzrə cinayət işi çərçivəsində iki ay müddətinə həbs edildiyi barədə məlumat yayıb. Həbs edilənlər arasında hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan və daha iki din xadimi var. Daha sonra həbs edilənlərin sayı 16-ya çatıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Aytən Qurbanova bildirib ki, Ermənistanda baş verən proseslər və siyasi gərginlik 2026-cı il seçkilərinə qədər hakimiyyət uğrunda mübarizənin kifayət qədər kəskinləşdiyini göstərən bariz nümunədir:
"Kilsənin rəhbərlik etdiyi etirazların genişlənmə ehtimalı Paşinyan administrasiyası üçün təhdid yaradan məqamlardandır. Xüsusilə daxili və xarici mərkəzlərin kilsə üzərindən cəmiyyətdə prosesləri idarə etməsi onu göstərir ki, Cənubi Qafqaza müdaxilə mexanizmlərində Ermənistan bir vasitəçiyə çevrilib.Ermənistanda Paşinyan administrasiyasının devrilməsi və revanşist əhval-ruhiyyədə yeni hakimiyyətin formalaşması yolu ilə regional inteqrasiya prosesinə və sülh danışıqlarına zərbə vura biləcək bir ssenari formalaşdırılıb. Bu prosesdə Rusiya, İran və Qərb dövlətlərinin iştirakını qeyd etmək lazımdır. Keçmiş "Xunta" rejiminin də burada rolu var.Məhz buna görə Paşinyan kilsəyə qarşı bir mübarizəyə başlayıb və onun nüfuzunun aşağı salınması ilə bağlı real addımlar atıb. Bu, Ermənistan hakimiyyəti üçün ciddi təhdidlər formalaşdıran bir prosesdir. Hadisələr nəzarətdən çıxarsa, Ermənistan cəmiyyətində xaosun yaranması istisna edilə bilməz. Növbədənkənar seçkilərin keçirilməsi də daim gündəmdədir.Bütün bu proseslər regional təhlükəsizliyə ciddi təhdidlər yaradıb. Xüsusilə Ermənistanın Azərbaycanla davam edən danışıqlarda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün güclü siyasi iradəyə və daxili sabitliyə ehtiyacı var".
Aygün Babayeva