ABŞ-İsrail görüşündə Xameneinin taleyi müzakirə edilir

Tarix: 16:48 08.07.2025
ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahunun görüşündə İrana qarşı mübarizənin nəticələri və dini lider Əli Xameneinin taleyi müzakirə olunacaq.
Bu barədə “İran İnternational” nəşri yazıb.
Nəşr qeyd edir ki, bu görüşdə İrana qarşı mübarizənin davam etdirilməsi və Xameneinin öldürülüb-öldürülməməsi ilə bağlı qərarın qəbul olunması gözlənilir.
İsrailin müdafiə naziri İsrail Kats daha öncə bəyan edib ki, Xameneinin daha çox yaşamasına icazə verilməməlidir.
Nəşr qeyd edir ki, Netanyahu və Tramp Xameneini öldürmək qərarına gəlsələr, dini lideri bunkerdə gizlənmək belə xilas edə bilməyəcək. Çünki onların həm kəşfiyyat, həm də əməliyyat baxımından imkanları çox genişdir.
Mövzu ilə bağlı AĞ Partiya başqanının sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı "İnformator.az"a açıqlamasında bildirib ki, yeni İran-İsrail savaşı yaxın aylarda gözlənilmir:
"Çünki Amerika və müttəfiqi İsrail ötən ay yaşanan 12 günlük savaşda İrandan gözlənilməyən müqavimət və zərbələr aldılar. Eyni zamanda, Ali Dini Lideri aradan götürməyin o qədər də asan olmayacağını gördülər. Əgər belə istəkləri var idisə, 12 gün ərzində edərdilər, niyə etmədilər? Sadəcə bunu bacara bilmədilər. 1989-cu ildən İranın Ali Dini Lideri olan bu şəxs çox belə təhlükələrdən keçib. Mən onun aradan götürülməsini ümumiyyətlə mümkünsüz saymıram. Sadəcə “asan udulan balıq” olmadığını demək istəyirəm. Digər tərəfdən, unutmayaq ki, onun öldürülməsi İran daxilində böyük bir birlik yarada bilər. Bunu biz 12 gün ərzində müşahidə etdik. Xamenei müharibənin sonunda qələbəni elan edəndə ona olan münasibəti gördük, müharibə gedən günlərdə onun üçün narahat olan İran xalqını gördük. Bütün bunlar biz qəbul etsək də, etməsək də bir reallıqdır. Reallıqlardan çıxış etmək lazımdır. Bir faktı da unutmayaq ki, İrana qarşı növbəti hücum və uzunmüddətli savaş regionda İran-Rusiya-Türkiyə ittifaqını yarada bilər. Qardaş ölkə isə NATO-da ordusuna görə ikinci böyük ölkədir və Amerika hər halda belə bir ittifaqın yaradılmasını heç zaman istəməz. Uzaq Çindən də ciddi dəstək gələ bilər. Bütün bunlar sıradan bir gücün formalaşıb ortaya çıxması demək olmaz, böyük bir güc sayılar. Nəticədə bölgədə böyük bir müharibənin alovlanması baş verə bilər. Bunu da regionun Azərbaycan kimi dövlətləri heç bir halda istəməz. Amma əgər İrana hücum edilib onun bitirilməsinə qərar verilərsə, buna Türkiyə heç zaman göz yuma bilməz. Çünki nəzərə alaq ki, növbədə Ankaranı təhlükələr gözləyər. Rusiya isə İranın fonunda regionda güc olaraq ona ən yaxın sayılan İranın tarix olmasını sükutla qarşılamaz".
Siyasi şərhçi əlavə edib ki, ona görə də Tramp-Netanyahu görüşü sıradan bir görüş olacaq:
"Son olaraq baş verən 12 günlük savaşda yaşanan durum və ondan sonra formalaşan ümumi vəziyyət müzakirə olunacaq. Başqa nəsə gözlənilmir. Amma istənilən halda Xamenei qəfil gedərsə, bu cənub qonşumuz üçün "sonun başlanğıcı" da ola bilər. Bunu da İranda anlamamış deyillər. Biri var ki, Ali Dini Lider postunun addım-addım ötürülməsi, biri də var ki, qəfil bunun yaşanması. Biz İranda prezidentin həyatını itirməsinin İran dövlətçiliyi üçün o qədər də təhlükəli olmadığını yaxın perspektivdə, İbrahim Rəisi nümunəsində gördük. Amma Xamenei məsələsi tamam başqa məsələdir".
Aytən Ağazadə