İnsan alveri ilə mübarizəyə diaspora təşkilatları fəal cəlb ediləcək

Tarix: 20:42 08.07.2025
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası və Diasporla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə birgə təşəbbüslər həyata keçirirlər.
İnfarmator.az xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İnsan alveri ilə mübarizədə diaspora təşkilatlarının rolu və əməkdaşlıq” mövzusunda Zoom platformasında onlayn müzakirə keçirilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının və Koalisiyanın üzvləri bir araya gələrək insan alverinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi və diaspor strukturlarının bu prosesə cəlb olunması yollarını müzakirə ediblər.
Müzakirəni Koalisiyanın sədri və tədbirin moderatoru Mehriban Zeynalova açaraq, diaspora təşkilatlarının bu sahədə potensialını və əməkdaşlığın vacibliyini vurğulayıb. Bildirilib ki, təyinat ölkələrində yaşayan diaspor qurumları insan alveri qurbanlarının müəyyənləşdirilməsi, onlara psixososial və hüquqi dəstəyin göstərilməsi baxımından mühüm rol oynaya bilərlər.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri Araz Babayev çıxış edərək insan alveri qurbanlarının aşkarlanmasında tətbiq olunan meyarlar və Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının və Koalisiyanın üzvü Zaur İbrahimli qurbanların vaxtında müəyyən olunması və müdafiəsi üçün preventiv alətlərin – maarifləndirmə, erkən xəbərdarlıq mexanizmləri və ictimai nəzarətin vacibliyindən danışıb.
Koalisiyanın idarə heyətinin üzvü Kəmalə Aşumova isə təyinat ölkələrində fəaliyyət göstərən diaspor rəhbərlərinin insan alveri qurbanlarına göstərdikləri dəstəyi, qaynar xəttlərin və xidmət mərkəzlərinin rolunu qeyd edib.
Pakistan, Türkiyə, Çexiya, Gürcüstanda fəaliyyət göstərən diaspor nümayəndələri əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət çəkərək təkliflər səsləndiriblər.
A.Babayev Baş İdarənin fəaliyyəti və diaspora ilə mümkün əməkdaşlıq məsələləri ilə bağlı sualları cavablandırıb.
M.Zeynalova Koalisiyanın diaspora təşkilatlarına bu sahədə necə dəstək ola biləcəyi ilə bağlı konkret nümunələrlə çıxış edib.
Tədbir zamanı iştirakçılar arasında fəal fikir mübadiləsi aparılıb. Bu istiqamətdə bir sıra təkliflər irəli sürülüb:
- Diaspora təşkilatları üçün məlumatlandırıcı təlimlərin təşkili;
- Qurbanların aşkarlanması və müdafiəsi ilə bağlı birgə əməkdaşlıq mexanizmlərinin yaradılması;
- Qaynar xətt məlumatlarının diaspor strukturları vasitəsilə yayılması.
Bundan əlavə, 30 iyul - Beynəlxalq İnsan Alverinə Qarşı Mübarizə Günü ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Koalisiyanın və diaspor təşkilatlarının birgə tədbirlər həyata keçirməsi də müzakirə olunub.
Qərara alınıb ki, bu cür müzakirələr və birgə fəaliyyətlər gələcəkdə də davam etdirilsin və müxtəlif ölkələrdəki diaspora qurumları bu işə fəal şəkildə cəlb olunsun.