BDYPİ-dən radarlarla bağlı mühüm çağırış: "Radar – sizin yol yoldaşınızdır"

Bölmə: Sosial › ,
Tarix: 22:04 08.07.2025

Radar yalnız sürəti ölçən bir cihaz deyil, eyni zamanda həyatların qorunmasına xidmət edən mühüm təhlükəsizlik vasitəsidir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu dəfə radarlarla bağlı ictimaiyyətə müraciət edərək onların mahiyyətini və əhəmiyyətini vurğulayıb. Yol hərəkəti sadəcə maşın sürmək deyil – bu, məsuliyyət və həyatların dəyəridir. BDYPİ radarların hərəkət iştirakçılarına verdiyi mesajı xatırladır: “O, sizi izləmək üçün deyil, qorumaq üçündür".

 

Mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev " İnformator.az" a açıqlamasında bildirib ki , bu cür nəzarət vasitələri sürücülərin və digər vətəndaşların təhlükəsizliyi üçün yaradılıb:

 

"Statistik göstəricilərə əsasən, ölkəmizdə qeydə alınan yol-nəqliyyat hadisələrinin mütləq əksəriyyəti sürət hədlərinin aşılması səbəbindən baş verir.Radarların quraşdırılması bütün dünyada olduğu kimi Azərbaycanda da yol hərəkət təhlüləsizliyinin təmin edilməsinə , ağır qəzaların qarşısının alınmasına hesablanıb".

 

Ekspert cəmiyyətin "radar" anlayışına olan münasibətindən və bu radarların sürücülərdə yaratdığı intizam və məsuliyyət hissindən də söz açıb:

 

"Patrul avtomobillərdə quraşdırılan mobil radarlardan istifadə olunması isə , sürücülərə yollarda arxayınlaşmaqdan çəkinməyə vadar edir.Çünki sürücülərin mütləq əksəriyyəti yollarda stasionar radarların yerini əvvəlcədən bildiyi üçün həmin vasitələrə yaxınlaşarkən sürət rejiminə əməl edir və sonra sürət rejimini aşaraq nəticədə özlərinə , o cümlədən digər insanlara təhlükə yaradırlar. Bununla yanaşı , yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stationar xüsusi texniki vasitələrdən qabaqda radarların mövcudluğu barədə məlumat vermək məqsədilə nişanlar quraşdırılır.Lakin , təəssüf ki , intizamsız sürücü yolda hər hansı nəzarət sisteminin olmasını istəmir.Baş Dövlət Yol Polisi İdarəsi belə sürücüləri radarların mövcudluğuna görə narahat olmaqdansa , yol hərəkəti qaydalarına , o cümlədən sürət rejiminə ciddi əməl etməyə , özlərinin və doğmalarının taleyinə , eləcə də , digər vətəndaşların həyat və sağlamlığına biganə qalmamağa çağırır.

 

Birmənalı olaraq , qeyd etmək istəyirəm ki , radarlar , nəzarət ölçü cihazları, bütün xüsusi texniki vasitələr,nəzarət qurğuları və Dövlət Yol Polisi əməkdaşları, onların istifadəsinə verilən cihazları və qurğuları - bütün nəzarət sistemləri yalnız yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə, insanların həyat və sağlamlığının qorunmasına , onların mənzil başına sağ-salamat çatmasına xidmət edən amillərdəndir.Ona görə də , hər bir sürücü qaydalara əməl etməli və istisnasız bilməlidir ki , görülən bütün tədbirlər onların təhlükəsizliyinə görə yaradılıb".

 

Nəzrin Məmmədova