19 milyardlıq yardım Ukraynanı xilas edəcəkmi?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:19 08.07.2025

Aİ Ukraynanın 19 milyard dollarlıq büdcə kəsirini ödəməyi hədəfləyir.

Avropa İttifaqı 2026-cı ildə Ukraynanın 19 milyard dollarlıq büdcə kəsirini ödəməyi planlanlaşdırır.

Bu barədə "Financial Times"a istinadən xəbər verir.

Məlumata görə, Avropa Komissiyası 2025-ci ildə davam edən münaqişə fonunda Ukrayna ilə bağlı maliyyə axınlarına düzəlişlər edib.

Qeyd edilib ki, gələn illə bağlı narahatlıq artır və bu il atəşkəs razılaşmasına ümid edən bir çox maraqlı tərəflər Ukraynanın maliyyə vəziyyətini yüngülləşdirmək üçün xərclərini yenidən hesablamağa məcburdurlar.

 

Mövzu ilə bağlı Phd., iqtisadçı Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Ukraynaya göstəriləcək 19 milyard dollarlıq Avropa İttifaqı (Aİ) maliyyə dəstəyi yalnız müharibənin təsirlərini yumşaltmaq üçün deyil, eyni zamanda ölkənin iqtisadi dayanıqlığını qorumaq və sabitləşdirmək üçün həlledici əhəmiyyət daşıyır:

 

“Maliyyə dəstəyinin əsasən üç istiqamətdə istifadə olunacağı gözlənilir: dövlətin cari xərclərinin qarşılanması, sosial sahələrin saxlanılması və bərpa işlərinin dəstəklənməsi. Birincisi, Ukrayna hökumətinin büdcə kəsiri əsasən təhsil, səhiyyə və sosial təminat kimi vacib sahələrin maliyyələşdirilməsi üçün ortaya çıxıb. Bu dəstək bu sahələrin çöküşünün qarşısını almağa xidmət edəcək. Müharibə şəraitində bir çox vergi mənbələri daralıb, dövlət gəlirləri azalıb, ancaq xərclər artıb. Buna görə yardım əsasən dövlət qulluqçularının maaşlarının ödənməsi, pensiya və sosial yardımların verilməsi kimi gündəlik öhdəliklərin yerinə yetirilməsinə gedəcək. İkincisi, enerji infrastrukturunun bərpası və təhlükəsizlik ehtiyacları maliyyə dəstəyinin digər əsas istiqamətləri olacaq. Rusiya tərəfindən enerji infrastrukturuna vurulan ziyan nəticəsində Ukrayna energetika sahəsində ciddi problemlərlə üzləşib. Bu sahədəki bərpa layihələri həm qısamüddətli təminatı sabitləşdirmək, həm də gələcək üçün dayanıqlı enerji təchizatı qurmaq məqsədi daşıyacaq.Üçüncüsü, yardımın bir hissəsi kiçik və orta sahibkarlığın dəstəklənməsinə, kənd təsərrüfatı, logistika sektorunun sabitləşdirilməsinə yönəldilə bilər. Bu, daxili istehsalın bərpasına və iqtisadi fəallığın yenidən canlanmasına töhfə verəcək. Ukrayna iqtisadiyyatı müharibədən əvvəl də struktur problemlərlə üzləşirdi: korrupsiya, qeyri-rəsmi iqtisadiyyatın genişliyi və zəif institusional idarəetmə bu problemlərin başında gəlirdi. Müharibə bu problemləri daha da dərinləşdirib. Lakin Aİ-dən yardımın verilməsi mexanizmləri şəffaflıq və hesabatlılıq tələb edir. Bu yardım əsasən translarla və mərhələli şəkildə təqdim olunacaq. Yardımın verilməsi Ukrayna tərəfinin müəyyən islahatları həyata keçirməsi, korrupsiyaya qarşı tədbirlər görməsi və Avropa idarəetmə standartlarına yaxınlaşması ilə şərtləndirilir. Bu da yardımın səmərəli istifadəsinə nəzarət imkanlarını artırır”.

 

Ekspert qeyd edib ki, hazırkı şəraitdə Ukraynanın bəzi sahələrində xüsusilə də maliyyə sektorunda, mərkəzi bankda və vergi sistemində islahatlar müəyyən nəticə verib:

 

“Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və donor şərtlərinin yerinə yetirilməsi sayəsində idarəetmə səviyyəsində müəyyən inkişaf müşahidə olunur. Lakin yerli səviyyədə regionlarda, bələdiyyələrdə hələ də səmərəsizlik və resursların israfı problemi qalır. Aİ-nin bu miqyasda yardım göstərməsi maliyyə bazarlarından borclanma, üzv ölkələrin büdcə töhfələri və "Ukrayna Fondu" kimi xüsusi mexanizmlər vasitəsilə həyata keçirilir. Bu yardımların bir hissəsi qrant formasında, digər hissəsi isə güzəştli kredit şəklində verilir.

Avropa Komissiyası 2025 və 2026-cı illər üçün ümumi büdcə çərçivəsində müəyyən düzəlişlər etməklə, Ukrayna dəstəyinə əlavə resurs ayırmağı planlayır. Bunun üçün üzv dövlətlərin razılığı tələb olunur. Bu da daxili siyasi müzakirələrə səbəb olur. Çünki bəzi ölkələr xüsusilə də Şərqi və Cənubi Avropa dövlətləri öz daxili sosial, iqtisadi ehtiyaclarının üstün tutulmasını tələb edirlər.

Yardımın maliyyə yükü bəzi Aİ ölkələrində inflyasiya ilə mübarizə, faiz dərəcələrinin yüksəkliyi və artan borc göstəriciləri fonunda ictimai narazılıqlar doğura bilər. Xüsusilə Almaniya, Fransa və İtaliya kimi böyük iqtisadiyyatlar həm siyasi, həm də maliyyə baxımından bu yükü daşımaq məcburiyyətində qalırlar. Bu isə Aİ daxilində daxili iqtisadi və siyasi gərginlikləri artırma potensialına malikdir. Bununla yanaşı, Aİ üçün Ukraynaya yardım yalnız iqtisadi məsələ deyil, həm də geosiyasi bir prioritetdir. Ukraynanın sabit qalması, Rusiyanın təsirindən uzaq durması, Avropaya inteqrasiya yolu ilə irəliləməsi Aİ-nin təhlükəsizlik və strateji hədəfləri üçün vacibdir. Bu səbəbdən də Aİ rəhbərliyi yardımın daxili iqtisadi çətinliklərə baxmayaraq davam etdirilməsini zəruri hesab edir. Nəticə olaraq, 19 milyard dollarlıq yardım Ukraynanın iqtisadi və sosial sisteminin çökməsinin qarşısını almaq, əsas sahələri yaşatmaq və gələcək üçün Avropaya inteqrasiya yolunda sabitliyi qorumaq məqsədi daşıyır. Yardımın effektivliyi isə yalnız maliyyənin ayrılması ilə deyil, bu vəsaitin necə və nə məqsədlə istifadə olunacağı ilə müəyyən olunacaq. Eyni zamanda Aİ daxilində bu yardımın maliyyə yükü sosial və siyasi təzyiqlər yaratmaq potensialına malikdir. Lakin strateji baxımdan bu, Avropa üçün qaçılmaz bir öhdəlikdir”.

 

 

Nuray Əliyeva