Putin yeni qanun imzalayıb-Əcnəbilər orduya çağırılır

Tarix: 22:01 08.07.2025
Rusiya Prezidenti Vladimir Putin vətəndaşlığı olmayan şəxslərə Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında xidmət etmək hüququ verən qanunu imzalayıb.
Təşəbbüs müqavilə əsasında hərbi xidmətə gedə biləcək insanların dairəsini genişləndirmək məqsədi daşıyır.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov “İntormator.az”a açıqlamasında bildirib ki, bu qanun onu göstərir ki, Rusiya daxilində ciddi hərbi kadr çatışmazlığı mövcuddur:
“Putinin imzaladığı qanun o deməkdir ki, Rusiyanın daxilində ciddi şəkildə hərbi kadr çatışmazlığı baş verməkdədir. Üç ildir ki, Ukrayna ilə müharibədədir. Bu üç il ərzində Ukraynanın ərazilərinin bir hissəsini işğal etməsinə baxmayaraq istədiyi məqsədlərə nail ola bilməyib. Bu gün də Ukrayna ordusu cəbhədə müqavimət göstərməyə davam edir və hər həftə minlərlə rus hərbçi cəbhədə həyatını itirir. Bu da artıq vadar edir ki, Rusiya belə bir siyasətə əl atsın. Amma burada başqa bir nüans da var. Bilirsiniz, vətəndaşlığı olmayan şəxslər əksər hallarda qeyri-ruslardır. Yəni bu qərarda biz miqrantların da hədəf alındığını görə bilirik. Yəni bununla Rusiya həm də çalışır ki, miqrantları qabağa versin. Onlardan döyüşdə bir əsgər kimi istifadə etsin və olan onlara olsun, rus millətinə zərər dəyməsin prinsipi də burada özünü göstərməkdədir. Bu da artıq Putin dönəmində Rusiyada şovinizmin etnik ayrıseçkiliyə əsaslanan qatı millətçiliyin artımının göstəricisidir. Mən düşünmürəm ki, bu, müharibənin gedişində elə bir ciddi əsaslı dəyişiklik yaradar. Bilirsiniz, indiki dönəmdə müharibənin gedişinə daha çox canlı qüvvə deyil, texnika, texnologiya təsir edir, pul təsir edir. Düzdür, Ukrayna da bu baxımdan Rusiyadan qüvvətli deyil, amma Ukraynanın dünya çapında bir dəstəyi var. Avropa və ABŞ tərəfindən dəstəyi var və bu da Ukraynaya Rusiyaya qarşı müqavimət göstərmək imkanı yaradır”.
Lalə Qurbanlı