İsrail yenidən müharibəyə başlaya bilər

Bölmə: Siyasət › ,
Tarix: 22:02 08.07.2025

 

Tehran nüvə proqramını başlatmağa cəhd edərsə, İsrail İranla yenidən müharibəyə başlayacq. Ölkə bu məsələdə ABŞ-nin dəstəyinə ümid edir.Ağ Evdə şam yeməyi zamanı Prezident Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu nüvə proqramı ilə bağlı gələcək addımları müzakirə edəcəklər. İsrail rəsmilərinin sözlərinə görə, onların baş naziri nüvə danışıqları üzrə mövqeləri koordinasiya etməyə və hərbi zərbələrin bərpası üçün mümkün ssenariləri nəzərdən keçirməyə çalışır.

 

Netanyahunun baş müşaviri Ron Dermer qapalı brifinqlərdə Vaşinqtona səfəri zamanı Tramp administrasiyasının müəyyən şərtlər daxilində İrana yeni zərbələri dəstəkləməyə meylli olacağı təəssüratının olduğunu bildirib. Mümkün səbəblərdən biri Tehranın zədələnmiş nüvə obyektlərindən yüksək dərəcədə zənginləşdirilmiş uranı çıxarmaq cəhdi ola bilər.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, İrana qarşı savaşın növbəti mərhələsinin başladılma ehtimalı ola bilər:

 

“Təbii ki, son vaxtlar İranla bağlı təkrar hərbi əməliyyatların başladılması ilə bağlı məsələ yenidən gündəmə gəlməyə başlayıb. Bəzi məlumatlara görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı İrana qarşı yeni hərbi əməliyyatların vacibliyinə inandırmağa çalışır. Əgər buna nail olunarsa, İrana qarşı savaşın növbəti mərhələsinin başladılma ehtimalı ola bilər. Ancaq Tramp administrasiyası bu məsələdə mümkün qədər ehtiyatlı mövqe tutmağa üstünlük verir. Çünki ABŞ-nin İrana qarşı savaşda son mərhələdə iştirak etməsi ABŞ cəmiyyətində ciddi şəkildə narazılıq doğurub. Eyni zamanda, son vaxtlar ABŞ cəmiyyəti və siyasi elitasında Yaxın Şərq böhranı ilə bağlı ciddi parçalanma müşahidə olunur. Belə ki, tərəflərdən biri indiki siyasətin davam etdirilməsini məqbul hesab edirlər. Ancaq kifayət qədər ciddi bir hissə də ABŞ rəhbərliyini, yəni Tramp administrasiyasını Yaxın Şərqdə baş verənlərə görə tənqid edir. Onlar hesab edirlər ki, ABŞ-nin İsrailə İranla savaşda dəstək verməsi ABŞ-nin maraqlarına qətiyyən cavab vermir. ABŞ-nin atdığı bu addım yolverilməz idi. Eyni zamanda, onlar hesab edirlər ki, ABŞ İsrailin Qəzzada hərbi əməliyyatlar aparmasına da dəstək verməməlidir və bu dəstək dərhal dayandırılmalıdır. Yəni, Tramp administrasiyasının İsrailə dəstək vermək məsələsinə ehtiyatlı yanaşmasının səbəbləri sırasında məhz bu faktorlar da dayanır ki, ABŞ cəmiyyətində artıq Yaxın Şərq məsələsinə münasibətdə Tramp administrasiyası ciddi şəkildə tənqid olunur. Bu baxımdan, Tramp administrasiyasının növbəti dəfə Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak etməyə həvəs göstərəcəyi hələlik o qədər də inandırıcı görünmür. Bu hadisənin baş verməsi üçün ABŞ-nin buna məcbur qalması lazım gələcək. Hələlik isə belə məcburiyyət yoxdur. Amerika Birləşmiş Ştatları əsas hədəf olaraq Yaxın Şərqin yenidən dizayn olunmasını özü üçün prioritet hesab edir və bu istiqamətdə də prosesin davam etməsində israrlı görünür. Amma proseslərin hərbi məzmun daşıması, hərbi məcraya yönəlməsi indiki situasiyada Amerika Birləşmiş Ştatlarının maraqlarına qətiyyən cavab vermir. Bu baxımdan da ABŞ-nin İranla yeni müharibəyə başlaya bilmə ehtimalı o qədər də inandırıcı görünmür”.

 

Lalə Qurbanlı