MİT rəhbəri Kalın Bağdadda: “Terrorsuz Türkiyə” gündəmdə

Bölmə: Dünya › ,
Tarix: 12:19 09.07.2025

 

Türkiyə Milli İstiqbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İraqın paytaxtı Bağdadda rəsmi səfərdə olub. Səfər çərçivəsində Kalın ilk olaraq İraq Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə görüşüb. Daha sonra o, İraq Prezidenti Əbdüllətif Camal Rəşid və Baş nazirin müavini, Xarici İşlər naziri Fuad Hüseynlə də bir araya gəlib.

 

Görüşlərdə əsas müzakirə mövzusu Türkiyənin irəli sürdüyü “Terrorsuz Türkiyə” təşəbbüsü olub. Tərəflər sərhəd təhlükəsizliyi, bölgənin terror təşkilatlarından təmizlənməsi və gələcəkdə bu istiqamətdə atılacaq birgə addımları müzakirə ediblər. İraq tərəfi Türkiyəyə bu prosesdə hər səviyyədə dəstək verdiyini bildirib.

MİT rəhbəri həmçinin İraq Müdafiə naziri Sabit Bəşar, İraq Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hamid Şatri, İraq Egemənlik Alyansının lideri Xamis Hançər və İraq Nümayəndələr Məclisinin sədri Mahmud Məşhədani ilə də görüşlər keçirib.

Bağdadda keçirilən görüşlərdə regional sülh və sabitliyin təmin olunması, eləcə də Türkiyə-İraq münasibətlərinin inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub. MİT rəhbərinin gündəmində İran və İsrail arasında baş verən son hərbi toqquşmalar və atəşkəs prosesi də yer alıb.

 

İbrahim Kalın səfər çərçivəsində İraq Türkmən Cəbhəsinin (İTC) sədri Məhəmməd Səman Ağaoğlu və təşkilatın digər rəhbər şəxsləri ilə də görüşüb. Görüşdə İraqdakı türkmənlərin yaşadığı bölgələrdəki ümumi təhlükəsizlik vəziyyəti və qarşıdan gələn seçkilərə hazırlıq məsələləri müzakirə olunub.

 

Mənbə: TRT Xəbər
Türkan Kərimli