Azərbaycan-Rusiya münasibətlərində yumşalma siqnalları

Bölmə: Siyasət › ,
Tarix: 20:40 09.07.2025

Rusiya Dövlət Dumasının üzvü İrina Rodnina “Moskva-Bakı”ya verdiyi müsahibədə Azərbaycan-Rusiya münasibətlərinə dair fikirlərini bölüşüb. O, iki ölkə arasında yaranan fikir ayrılıqlarının müvəqqəti xarakter daşıdığını və qarşılıqlı anlaşmanın mümkün olduğunu bildirib. Rodnina, həmçinin tarixi dostluq və əməkdaşlıq ənənələrinin əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

 

Məsələ ilə bağlı politoloq Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, son günlər Rusiyadan Azərbaycanla münasibətləri yumşaltmağa yönəlik rəsmi çıxışların tez-tez səsləndirilməsi Moskvanın ikitərəfli əlaqələrdə gərginliyi azaltmaq niyyətindən xəbər verir:

 

"Kremldən müəyyən səviyyəli, müəyyən dövlət təşkilatlarının təmsilçiləri, təmsilçilərindən ibarət nümayəndələr də gəlirlər. Bunların məhz Azərbaycanla münasibətlərin müzakirəsi üçün gəldiklərini iddia etmək çətin olsa da, bu səfərlərin gedişində Azərbaycanla müəyyən müzakirələrin aparıldığı istisna deyil. Konkret olaraq Rusiya Dövlət Dumasının deputatı Rodninanın bu bəyanatı belə nəticəyə gəlməyə əsas verir ki, Rusiyada həm icra hakimiyyəti qolundan, həm parlament qolundan, həm də başqa xətlər vasitəsilə Azərbaycanla münasibətlərin normallaşdırılması üçün təşəbbüslər edilməsi barədə sanki bir təlimat verilib. Əlbəttə, bu, normal bir şeydir. Baxmayaraq ki, Rusiya ilə münasibətlərdəki sonuncu mərhələdə gərginliyin təşəbbüskarı və yaradıcısı Azərbaycan deyil. Yenə də hər şey Rusiyadan qaynaqlanıb. Münasibətləri gərginləşdirən bir neçə aydınlaşmamış məsələnin mövcud olduğu şəraitdə daha bir cinayət həyata keçirildi və bizim soydaşlarımız Sverdlovskda qətlə yetirildilər. Yəni, münasibətlərin gərginləşməsi üçün heç bir halda təşəbbüskər tərəf Azərbaycan deyil".

 

Ekspert həmçinin bunu da bildirib ki, Rusiya tərəfdən müxtəlif səviyyələrdə yumşaldıcı addımların atılması normal bir haldır:

 

"Rusiyada icra sisteminin təmsilçilərinin ardınca parlamenti təmsil edən nümayəndələrin də bu cür yumşaldıcı jestlər və bəyanatlar səsləndirməsi onu ifadə edir ki, Rusiya hakimiyyətində Azərbaycanla münasibətləri mümkün qədər tənzimləməyə yönəlik addımların atılması barədə göstəriş var. Bu siyasətin nə ilə nəticələnəcəyi indidən söyləmək olmaz. Bu başdan deyim ki, Azərbaycanın münasibətləri gərginləşdirməkdə heç bir marağı yoxdur və hər şey ondan asılı olacaq ki, Rusiya tərəfi münasibətləri normallaşdırmaq üçün atılan addımlarda nə qədər ardıcıl olacaq. Burada keçmiş addımlara görə, keçmiş gərginliklərə görə müəyyən yumşaldıcı qərarların verilməsi ilə bərabər, yəqin ki, Rusiya tərəfi çalışacaq ki, Azərbaycanla münasibətlərə mənfi təsir edə biləcək yeni faktlar, hadisələr baş verməsin. Bütün hallarda Deputat Rodninanın bəyanatının arxasında Azərbaycanla münasibətlərin parlament xətti ilə normallaşdırılması cəhdlərinin əlamətləri aydın görünməkdədir. Heç istisna deyil ki, yaxın gələcəkdə Rusiya hökumətinin digər qanadları səviyyəsində də Azərbaycanla münasibətlərin normallaşmasına yönəlik belə bəyanatlar səslənsin.Təsdiq edirəm ki, Azərbaycan gərginliyin olmasında maraqlı deyil və buna görə də Rusiya tərəfdən atılan bu addımların, siyasətin davamlı olması Azərbaycanla münasibətlərin müəyyən mərhələdə normallaşmasına gətirib çıxara bilər. Amma daha çox şey Rusiya tərəfdən asılıdır".

 

Gülhüseynova Güllər