Azərbaycan gənc cüdoçuları Avropa Olimpiya Festivalına hazırdır

Tarix: 20:35 09.07.2025
İyulun 22-dən 26-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə baş tutacaq XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) cüdo üzrə yarışlara Azərbaycan 12 nəfərlik heyətlə qatılacaq. 6 oğlan və 6 qızdan ibarət komandamız 44 ölkədən 341 idmançının iştirak edəcəyi nüfuzlu turnirdə ölkəmizi layiqincə təmsil etməyə hazırlaşır. Komandamıza yeniyetmələr üzrə tanınmış baş məşqçilər Emin İskəndərov və Elnur İsmayılov rəhbərlik edəcək.
Mövzu ilə bağlı Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidmətinin rəsmiləri "İnformator.az " a açıqlamalarında bildiriblər ki , bu cür nüfuzlu turnirlərdə gənc idmançılarımızın iştirakı onların gələcək inkişafında həlledici rol oynayacaq:
"Azərbaycanın EYOF tarixində cüdo üzrə çıxışları mütəmadi olaraq uğurlu nəticələrlə yadda qalıb. Son üç festival bu baxımdan xüsusilə seçilir. 2019-cu ildə Bakının ev sahibliyi etdiyi yarışda yerli tamaşaçılar önündə çıxış edən komandamız 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. 2022-ci ildə Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən festivalda isə Azərbaycan cüdoçuları daha yaxşı çıxış edib - 2 qızıl, 4 gümüş və 2 bürünc. 2023-cü ildə Sloveniyanın Maribor şəhərində baş tutan EYOF-da isə cüdoçularımız 3 qızıl, 3 gümüş və 4 bürünc medalla ümumi komanda hesabında I yeri tutub.
Gənc yaşda belə nüfuzlu turnirlərdə iştirak idmançıların gələcək inkişafında həlledici rol oynayır. EYOF kimi yarışlar yalnız nəticə üçün deyil, təcrübə və psixoloji hazırlıq baxımından mühüm mərhələdir. Bu formatda yarışan gənclər ilk dəfə beynəlxalq atmosferi hiss edir, fərqli məktəblərin üslubu ilə üz-üzə gəlir və məşqçilərin nəzarəti altında öz taktiki və texniki bacarıqlarını sınaqdan keçirirlər. Bu, həm də onların özlərinə olan inamını artırır və gələcək Avropa, dünya çempionatları, eləcə də olimpiya oyunlarına psixoloji hazırlıq imkanı yaradır".
Ekspert qarışıq komanda yarışının cüdo üçün rolundan və bu idman növünün gəncləri necə cəlb etməsindən də söz açıb:
"Son illərdə EYOF çərçivəsində keçirilən qarışıq komanda yarışları da cüdo üçün xüsusi əhəmiyyət daşıyır. Bu format ilk dəfə 2021-ci il Tokio Yay Olimpiya Oyunlarında tətbiq olunub və dərhal beynəlxalq federasiya tərəfindən geniş şəkildə təşviq edilməyə başlanıb. Qarışıq komanda formatı həm oğlan, həm də qız idmançıların birgə komanda şəklində çıxış etməsini təmin edir, cüdonun komanda ruhunu və gender balansını nümayiş etdirir. Burada yalnız fərdi bacarıq deyil, strateji düzülüş, dəstək və kollektiv mübarizə də həlledici rol oynayır. Qeyd edək ki, cüdo yığmamız EYOF-da 2022-ci ildə qarışıq komanda yarışında çempion olub, 2023-cü ildə isə gümüş medallara yiyələnib.
Cüdo idman növü Azərbaycanda gənclər arasında geniş maraq doğurur və bu marağı daha da artırmaq üçün davamlı təşviqat və inkişaf layihələri həyata keçirilir. ACF-in əsas fəaliyyət istiqamətlərindən biri regionlarda cüdonun inkişafı və infrastrukturun yaxşılaşdırılmasıdır. 2022-ci ildən etibarən Bakı və regionlarda 120 idman zalına federasiya tərəfindən 10000-dən çox tatami paylanılıb, 2000-dən çox gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb. Qeyd edək ki, 2022-2025-ci illərdə ACF tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər və Qaxda cüdo zalları açılıb. Növbəti cüdo zalları isə İmişli, Şabran və Zaqatalanın Mosul kəndində fəaliyyətə başlayacaq".
Nəzrin Məmmədova