Rusiyalı deputatdan anti-Azərbaycan açıqlaması

Tarix: 20:37 09.07.2025
Rusiyanın nüfuzlu Lenta.ru xəbər saytında Azərbaycan-Rusiya münasibətlərinə dair yayımlanan videoçarx mübahisələrə səbəb olub. Videoçarxda Cənubi Azərbaycanın bayrağının yer alması ictimaiyyətin diqqətini çəkib. Sözügedən materialda Dövlət Dumasının üzvü Konstantin Zatulinin Azərbaycan əleyhinə açıqlamaları da yer alıb.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Zatulin Azərbaycana qarşı düşmən münasibətindən çıxış edib:
"Zatulinın ermənipərəst və Azərbaycan düşməni mövqeyindən çıxış edən bir rus deputatı olduğu heç kimə sirr deyil. O, Azərbaycan və Rusiya arasında müttəfiqlik olmadığını deyərkən də, məhz Azərbaycana qarşı düşmən münasibətindən çıxış etdiyini bir daha nümayiş etdirib. Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətləri ilə bağlı bir bəyannamə imzalanıb və bu bəyannamə hüquqi baxımdan hələ də qüvvədədir.Lakin ümumi götürdükdə son hadisələr göstərir ki, Azərbaycan və Rusiya arasında real müttəfiqlik münasibətləri mövcud deyil. Bunun səbəbi isə Azərbaycanda deyil, Rusiyanın Azərbaycana qarşı qərəzli və hegemon mövqedən çıxış etmək cəhdlərində axtarılmalıdır".
Ekspert həmçinin bunu da bildirib ki, Rusiyanın bu qərəzli mövqeyini Zatulin kimi ermənipərəst və Azərbaycan düşməni mövqeyində olan deputatların açıqlamaları formalaşdırır:
"Bu baxımdan demək olar ki, əgər Azərbaycan və Rusiya arasında müttəfiqlik yoxdursa, Zatulin ilk növbədə öz davranışlarına və fəaliyyətinə yenidən baxmalıdır. Çünki mövcud siyasi-diplomatik problemlərin yaranmasında Zatulin və onun kimi rus deputatlarının anti-Azərbaycan fəaliyyəti və mövqeyi mühüm rol oynayır . Bu səbəbdən hesab etmək olar ki, Azərbaycan və Rusiya arasında real müttəfiqliyin olmamasının əsas səbəbi məhz Zatulin və onun kimi siyasətçilərlə bağlıdır. Zatulin ilk növbədə özünü və özü kimi Azərbaycana düşmən münasibəti bəsləyən rus siyasətçilərini günahlandırmalıdır".
Gülhüseynova Güllər