ABŞ–İran dialoqu: Tərəflər masaya qayıdır, lakin maneələr qalır

Tarix: 13:22 09.07.2025
Biz dialoqa hazırıq, lakin ABŞ səmimi deyil. İran nüvə proqramı üzrə danışıqları davam etdirməyə hazırdır, lakin ABŞ böhranın sülh yolu ilə həllində səmimi maraq nümayiş etdirməlidir.
Bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.
"İran hələ də diplomatiyada maraqlıdır, lakin gələcək dialoqa şübhə etmək üçün əsaslı səbəblərimiz var. Əgər bu problemi dostcasına həll etmək istəyi varsa, o zaman ABŞ ədalətli razılaşmaya səmimi hazır olduğunu nümayiş etdirməlidir. Vaşinqton da bilməlidir ki, onun son həftələrdəki hərəkətləri vəziyyəti dəyişib”, – deyə XİN rəhbəri bildirib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, hazırkı mərhələdə ABŞ və İran arasında dialoqun bərpası qarşısında duran əsas problem tərəflərin bir-birini anlamamağıdır:
"ABŞ-nin İrana qarşı endirdiyi hərbi zərbələr bu ölkədəki mühafizəkar dairələrin yenidən fəallaşmasına və dialoq mühitinə qarşı çıxmasına səbəb olub. Bununla belə, Tehrandakı siyasi dairələr ölkənin ağır iqtisadi vəziyyətini dərk edir və danışıqlardan tamamilə yayınmağın mümkünsüzlüyünü anlayırlar.
İran tərəfi danışıqlar masasına oturmaq üçün müəyyən güzəştlər tələb edir. Vaşinqtonun irəli sürdüyü tələblər Tehranda sərt şəkildə qarşılanır və onların qəbul edilə bilməyəcək qədər ağır olduğu bildirilir. Tehran danışıqlara maksimum qazanc əldə etmək niyyəti ilə qayıtmaq istəyir, bu səbəbdən də prosesin başlamasını ləngitməyə çalışır.
Vaşinqtonda da bəzi dairələr İranla bağlı mövcud yanaşmanın tam effektiv olmadığını etiraf edir və müəyyən güzəştlərə gedilməsinin zəruri olduğunu bildirirlər. Bu xüsusda ən çox müzakirə edilən məsələ sanksiyaların yumşaldılması, hətta bir qisminin tamamilə ləğv olunmasıdır. Əvəzində ABŞ İranın İsrailə qarşı apardığı siyasi və hərbi fəaliyyətdən, xüsusilə də regionda dəstəklədiyi proksi qüvvələrə verdiyi dəstəkdən əl çəkməsini tələb edir.
Əgər bu qarşılıqlı güzəşt formulu gerçəkləşərsə, İranın nüvə proqramı ətrafında aparılan danışıqlar daha konstruktiv və uğurlu şəkildə davam edə bilər. Qeyd olunmalıdır ki, ABŞ uranın zənginləşdirilməsinə tamamilə qarşı çıxmır. Əsas tələbi bu prosesin özünün nəzarəti altında aparılmasıdır. Tehran isə bu şərti qəbul etmir.
Gözləntilərə görə, danışıqların yenidən başlaması ehtimalı yüksəkdir və bu prosesin başlıca simalarından biri İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Arakçı olacaq. Daha öncə bu danışıqları aparan və Qərblə yaxın münasibətlərə üstünlük verən vitse-prezident Məhəmməd Cavad Zərif mühafizəkar dairələrlə fikir ayrılıqları səbəbindən vəzifəsindən istefa verib. Yeni mərhələdə Arakçının danışıqlara rəhbərlik etməsi ehtimal olunur".
Aytən Ağazadə