Sosial mediada təsdiq ehtiyacı və özünə güvən problemi

Tarix: 22:44 09.07.2025
Bir çox insan “bəyənilmək” və “izlənilmək” üçün paylaşım edərkən, bu təsdiq ehtiyacı zamanla özünə güvənin zəifləməsinə səbəb ola bilər.
Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova "İnformator.az"a açıqlamasında bildirib ki, təsdiq ehtiyacı əslində insanın ən ilkin ehtiyaclarından biridir:
"Təsdiq ehtiyacı əslində insanın ən ilkin ehtiyaclarından biridir yəni, aid olmaq, qəbul olunmaq və sevildiyini hiss etmək. Keçmişdə bu ehtiyac ailə, dost çevrəsi və yaxın münasibətlərlə təmin olunurdu. Amma sosial media bu ehtiyacı sürətli, vizual və rəqəmsal formaya salıb. İndi bir ‘like’ bəzən bir sarılmadan daha təsirli görünür, çünki dərhal nəticə verir. Sosial media bizə real olmayan, filtrlənmiş həyatları göstərir. İnsanlar fərqində olmadan bu süni görüntülərlə özlərini müqayisə edirlər. Bu zaman kifayət qədər yaxşı olmadıqları düşüncəsi, özgüvən itkisinə və dəyərsizlik hissinə səbəb olur. Əslində isə müqayisə etdiyimiz obrazlar çox vaxt reallıqdan uzaqdır.Bu davamlı təsdiq ehtiyacı uzun müddətdə narahatlıq pozuntuları, depressiya və şəxsiyyətin zəifləməsinə səbəb ola bilər. İnsan öz dəyərini içdən deyil, xarici ölçülərlə – izləyici sayı, bəyənmə, paylaşımla müəyyən etməyə başlayır. Bu isə ciddi psixoloji asılılıq yaradır. Təsəvvür edin, bir cəmiyyətin böyük hissəsi davamlı olaraq bəyənilmək üçün "mükəmməl" görünməyə çalışır. Bu, kollektiv bir narahatlıq, kollektiv bir güvənsizlik mühiti yaradır. İnsanlar öz duyğularını və zəifliklərini gizlətməyə başlayır, çünki "görünmək" üçün "həmişə yaxşı" olmaq lazımdır. Halbuki bu, mümkün deyil. Gerçək münasibətlər, səmimiyyət və emosional yaxınlıq azalır.
Birinci addım, fərqində olmaq. Sosial mediada keçirdiyiniz vaxtı və orada hansı hisslərlə qarşılaşdığınızı izləyin. Özünüzə sual verin "Mən bu paylaşımı niyə edirəm? Təsdiq gözləyirəmmi?"
İkinci addım, real həyat münasibətlərini gücləndirmək. Həqiqi söhbətlər, gerçək emosiyalar insanı içdən bəsləyir.
Və üçüncü addım, rəqəmlərlə deyil, dəyərlə yaşamaq. İzləyici sayı dəyər ölçüsü deyil. Dəyər, necə hiss etdiyiniz və kim olduğunuzdur".
Səmayə Səftərova