Qəzzada 50 min hamilə və uşaq əmizdirən qadın bir neçə gündür ac qalır-BMT

Bölmə: Dünya › ,
Tarix: 22:40 09.07.2025

BMT-nin Əhali Fondu (UNFPA) bildirib ki, Qəzza zolağında təxminən 50 min hamilə və süd verən ana bir neçə gündür ki, qidaya çıxışdan məhrumdur.

 

BMT-nin Ərəb ölkələri üzrə Regional Ofisinin yaydığı bəyanatda qeyd olunur ki, Qəzzadakı hamilə qadınlar, analar və körpələr kritik dərəcədə ağır şəraitdə yaşayır.

 

“Qəzza zolağında 50 min hamilə və süd verən qadın günlərlə heç nə yeməyib. Körpələr vaxtından əvvəl və ya zəif doğulur”, – deyə bəyanatda vurğulanır.

 

Qeyd olunur ki, analar arasında qidalanma çatışmazlığı çox ciddi problemdir, körpə südü qarışıqları isə demək olar ki, tam tükənib.

 

“Qəzzada yeni doğulan körpələr ölüm və ya ömürlük sağlamlıq problemləri ilə üz-üzədir. Bunun qarşısı alına bilər — humanitar yardımın bölgəyə daxil olmasına icazə verin”, – deyə təşkilat çağırış edib.

 

İsrailin mart ayından etibarən Qəzzaya humanitar yardımın keçid məntəqələri vasitəsilə çatdırılmasını bloklaması bölgədə genişmiqyaslı humanitar fəlakətə səbəb olub.

 

Anadolu Agency

Ayan Əsgərova