Tramp Moskva və Pekini bombalamaqla hədələyib

Bölmə: Siyasət › ,
Tarix: 22:43 09.07.2025

 


Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı onu Ukraynaya hücumdan çəkindirməyə çalışdığını bildirir, əks təqdirdə Moskvanı bombalayacağını deyir: “O (Putin), mənə dedi ki, “sənə inanmıram”. Məncə, o, həqiqətən də, mənə inanmayıb”.


Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, onu qeyd edim ki, mən Trampın bu şəkildə açılqma verdiyinə inanmıram:


"Əvvəla onu qeyd edim ki, mən Trampın bu şəkildə açılqma verdiyinə inanmıram. Tramp həqiqətən də Moskvaya təzyiq göstərmək istəyirsə bunu yeni sanksiyaları təsdiqləməklə və ya Ukraynaya maksimum dəstək verməklə edə bilər. Amma biz indiki halda hələ ki, bu istiqamətdə hər hansı real addımlara şahidlik etməmişik. Əksinə Ukraynaya dəstəyin minimallaşdırılması, Rusiya ilə əməkdaşlıq imkanları ilə bağlı danışıqların aparıldığı məlumdur. İkinci bir tərəfdən nə Rusiya, nə də Çin o ölkələrdən deyil ki, onları rahat şəkildə bombalamaq mümkün olsun. Həm Rusiya, həm də Çinin nüvə ölkəsi olduğunu nəzərə alsaq ABŞ-nin bu şəkildə addımlar atması dünyanı xaosa sürükləyə bilər. ABŞ bu iki ölkə ilə bağlı hansısa addımlar atmaq istəyirsə, hərbi yol haqqında düşünürsə bunu ancaq üçüncü ölkələr vasitəsilə, yəni Ukraynaya uzaqmənzilli hücum silahları verməklə və ya Tayvanı Çinlə müharibəyə sövq etməklə edə bilər. İndiki şərtlər daxilində ABŞ-nin Rusiya və Çinə birabaşa hücum etməsi mümkünsüzdür.


Əgər Tramp həqiqətən də Putinlə söhbət zamanı hansısa xəbərdarlıqla çıxış edibsə bu çox güman ki, özündə iqtisadi təzyiqləri ifadə edib. Ümumən isə ABŞ Rusiya və Çinlə bağlı gözləmə mövqeyindən çıxış etməsinin səbəbləri var. Biz gördük ki, ABŞ-Rusiya münasibətlərində loyallaşma fonunda İrana hücum zamanı Rusiyanı neytrallaşdırmaq mümkün oldu. Ukrayna ilə savaşda Rusiyaya dron və raketlərlə dəstək verən İran, İsrail və ABŞ-nin İrana hücumları zamanı rəsmi Moskvadan eyni dəstəyi görmədi. İndi də Tramp hələ də Rusiya ilə Çin arasında müəyyən məsafə qoyulmasına çalışır. Buna nail olmayacağı halda Rusiya ilə bağlı konkret addımların atılacağı ehtimalı kifayət qədər yüksəkdir. Amma yenə qeyd edirəm bu, heç bir halda özündə ABŞ-nin Rusiyaya birbaşa zərbələr endirməsini ehtiva etməyəcək".

Səmayə Səftərova