BRİKS ABŞ-nin maraqlarını pozur

Tarix: 22:19 09.07.2025
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, BRİKS üzvü olan ölkələr ABŞ-nin maraqlarını pozmağa çalışırlar.Bunu Ağ Evin sözçüsü Karolina Levitt brifinqdə bildirib.
“Ümumiyyətlə, prezident hesab edir ki, BRİKS ABŞ-nin maraqlarını pozmaq istəyir”, - Levitt bildirib.O,əlavə edib ki, Tramp iyulun 6 və 7-də Rio-de-Janeyroda keçirilən BRİKS sammitini yaxından izləyib.
Mövzu ilə bağlı politoloq Fuad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, ilk növbədə onu qeyd etməliyik ki, Trampın BRİKS-ə dair açıqlamaları ABŞ-nin xarici siyasətində müəyyən dəyişikliklərin siqnalı kimi qəbul edilə bilər:
“Trampın prezident seçilməsindən və yeni administrasiyanın fəaliyyətə başlamasından sonra ABŞ dövlət sistemində və siyasətində daha əvvəl müşahidə olunmayan, ənənəvi xəttə uyğun gəlməyən yanaşmalar və bəyanatlar səsləndirilib. Bu dəyişikliklər özünü həm tariflər siyasətində, həm də Avropanın təhlükəsizliyi məsələsində göstərmişdir.ABŞ administrasiyası Avropaya öz təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməyi təklif edib. Eyni zamanda, Ukraynaya qarşı Rusiya təcavüzü fonunda ABŞ-nin yanaşması daha sistemli və prinsipial mövqeyə çevrilib. Bu, dünya ictimaiyyətində Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsinə daha həssas və diqqətli yanaşmanı təşviq edib.
Artıq sual olunur: suveren bir dövlət özünü necə qorumalıdır?
Bu kontekstdə 1991-ci ildə imzalanan Budapeşt Memorandumu da xüsusi əhəmiyyət kəsb edir. Ukrayna həmin sənədə könüllü qoşulmuş, əvəzində təhlükəsizliyinə Qərb dövlətləri – o cümlədən ABŞ tərəfindən zəmanət almışdı. Ukrayna o vaxt bütün nüvə başlıqlarını və hətta onları daşıyan strateji təyyarələri belə Rusiyaya təhvil vermişdi. Bu, hələ çox da uzaq keçmiş deyil – təxminən 34 il əvvəl baş verib.
Bütün bunların fonunda, ABŞ-nin mövcud administrasiyası müxtəlif regionlar və ölkələrlə bağlı mövcud münasibətlər sistemini yeniləmək, yenidən formalaşdırmaq istəyir. Lakin bu restrukturizasiya cəhdləri müəyyən dərəcədə qeyri-müəyyənlik və sabit olmayan rəy formalaşdırır”.
Politoloq Trampın BRİKS barədə fikirləri və bu fikirlərin ABŞ xarici siyasətinə mümkün təsirləri haqqında deyir:
“Aydındır ki, ABŞ BRİKS-ə qarşı daha sərt mövqe sərgiləyə bilər. Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika və daha sonra qatılan İran, Misir, Efiopiya kimi ölkələr bu birlik daxilində yer alır. ABŞ tərəfindən bu ölkələrə qarşı həm siyasi, həm də iqtisadi sahədə daha sərt yanaşmalar formalaşa bilər.ABŞ-nin hələ də dünyanın aparıcı gücü olduğunu nəzərə alsaq, strateji alyanslar yaratmaq və mövcud ittifaqları möhkəmləndirmək imkanları da genişdir. BRİKS-in əsas dayaqlarından biri olan Afrika, Latın Amerikası və Asiya regionlarında ABŞ alternativ strateji əməkdaşlıqlar qura, NATO, G7, Cənub-Şərqi Asiya ölkələri ilə daha sıx əməkdaşlığa yönələ bilər.Bu cür addımlar ABŞ-nin müttəfiqlərlə daha pozitiv, qarşılıqlı faydalı münasibətlər qurmasına səbəb ola bilər. Digər tərəfdən, BRİKS ölkələrinə qarşı sanksiyalar, ticarət tarifləri və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi də gündəmə gələ bilər. Bu, iqtisadi və ticari əlaqələr sahəsində müəyyən çətinliklər yarada bilər.
Məlumdur ki, BRİKS ölkələri artıq beynəlxalq maliyyə sisteminə alternativ mexanizmlər yaratmağa çalışırlar. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və SWIFT sisteminə qarşı öz maliyyə institutlarını formalaşdırmaq ideyası, xüsusilə Çin və Rusiya tərəfindən dəfələrlə dilə gətirilib. Ukrayna müharibəsi fonunda Rusiyanın bu istiqamətdə fəaliyyəti daha da güclənib.
Bu baxımdan, ABŞ BRİKS-in alternativ institutlar yaratmaq səylərini diqqətlə izləyəcək və onların uğur qazanmasının qarşısını almaq üçün müxtəlif siyasi, iqtisadi və texnoloji addımlar atmağa çalışacaq”.
Fuad Həsənov qeyd edir ki, ABŞ, müttəfiqləri ilə birlikdə, daha uzunmüddətli və davamlı əməkdaşlıq çərçivəsində, ortaq maraqlar üzərində qurulmuş müttəfiqləri ilə BRİKS-ə qarşı müəyyən tədbirlər həyata keçirə bilər:
“Hansı alətlərin istifadə olunacağı isə məsələnin siyasi, maliyyə və təhlükəsizlik aspektlərindən asılı olaraq, mütəxəssislərin dərin təhlilləri nəticəsində müəyyən ediləcək.BRİKS-in ABŞ-nin maraqlarına ciddi təhdid yarada biləcək addımları arasında ticarətin dollardan kənar aparılması, ümumi valyutanın yaradılması və bu valyuta ilə ticarət əlaqələrinin gücləndirilməsi ola bilər. Belə bir addım, qlobal maliyyə sistemində ABŞ-nin mövqeyinə meydan oxumaq anlamına gəlir.
Hər hansı alyans ayaqda qalmaq və perspektivini artırmaq istəyirsə, üzvlərini genişləndirməyə çalışmalıdır. BRİKS-in üzvlərinin və əməkdaşlıq etdiyi ölkələrin sayının artması, alyansın cəlbediciliyini artırır və ABŞ-nin maraqlarına potensial təhlükələr yarada bilər. Bu, beynəlxalq təşkilatlar və qurumlarda da BRİKS blokuna daxil olan ölkələrin ABŞ-nin maraqlarına qarşı birgə mövqe nümayiş etdirməsi ilə nəticələnə bilər.Lakin qeyd etmək lazımdır ki, BRİKS ölkələrinin dünya nizamı və iqtisadiyyatı idarəetməsində sistemli və köklü hərəkətləri hələlik məhduddur. Onların əsas hədəfi öz iqtisadi böyümələrini davam etdirmək və təhlükəsizliklərini təmin etməkdir. ABŞ kimi supergüc qarşısında isə birbaşa hərbi toqquşma və ya genişmiqyaslı konfliktə girmək onların prioritetləri arasında deyil”.
Politoloq qeyd edir ki, dünya iqtisadiyyatının tənzimlənməsində Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi qurumların rolu əvəzolunmazdır:
“BRİKS ölkələri isə Asiya İnkişaf Bankı kimi qurumlarda aktiv iştirak edir və bununla bərabər, BRİKS-in əhatə etdiyi coğrafiyada yeni inkişaf bankı modelinin yaradılması da mümkündür. Belə bir yeni institut kredit və infrastruktur layihələrinin maliyyələşdirilməsində rəqabətçi və cəlbedici ola bilər”.
Onun fikrincə, ABŞ-nin xarici siyasətində ən güclü alətlərdən biri halına gəlmiş sanksiyalar da bu kontekstdə önəm daşıyır:
“Sanksiyalar vasitəsilə ABŞ, öz maraqlarına zidd olan ölkələri yumuşaltmağa, razılaşdırmağa və ya onlardan müəyyən güzəştlər almağa çalışır. Lakin bu, Rusiya, Çin, Hindistan və digər iri ölkələr tərəfindən qəbul edilməyən bir təzyiq vasitəsidir və bu da beynəlxalq müstəvidə müxalif mövqelərin güclənməsinə gətirib çıxarır. Xüsusilə Rusiya və Çin bu sahədə ABŞ-nin təsirinə qarşı liderlik rolunu oynayırlar.
Hərbi-texniki əməkdaşlıq da BRİKS ölkələri arasında sürətlə inkişaf edə biləcək sahələrdən biridir. Ölkələrin mövqelərinə baxmayaraq, bu istiqamətdə maneələr minimaldır və əməkdaşlıq potensialı yüksəkdir”.
Fuad Həsənov əlavə edib ki, hərbi texnoloji yeniliklərin bir çoxu tam muxtar deyil və Qərb ölkələrinin yaratdığı texnoloji nümunələrdən ciddi şəkildə istifadə olunur:
“Məsələn, Yaponiya XIX əsrin sonlarından başlayaraq Avropa texnologiyalarını mənimsəyib və bu, onun iqtisadi inkişafının əsasını qoyub. Nəticədə Yaponiya hazırda dünyanın ən güclü iqtisadiyyatlarından biridir.Çin də xarici ölkələrin texnologiyalarını və investisiyalarını cəlb edərək ucuz istehsal bazası yaratmaqla sürətli inkişaf yolu keçib. Bu, onun iqtisadi və texnoloji yüksəlişinə böyük töhfə verib. Buna görə də BRİKS ölkələri hərbi-texniki əməkdaşlıqda müəyyən addımlar ata bilər, amma bu addımların ABŞ liderliyindəki qərb blokuna qarşı nə dərəcədə uğurlu olacağı prosesin gedişatından asılıdır.
Qlobal əhalinin böyük hissəsinin, xüsusən Çin və Hindistan ərazisində toplaşması və onların texnoloji inkişaflarının sürətlə artması BRİKS-in nüfuzunu artırır. Eyni zamanda Braziliyanın da dünya iqtisadiyyatında önəmli rolu var və bu ölkələrin iddiaları zamanla daha da böyüyə bilər”.
Politoloq son açıqlamasında bildirib ki, Trampın BRİKS-lə bağlı bəyanatları diplomatik əlaqələrin gərginləşməsinə səbəb ola bilər:
“Bu gərginlik BRİKS üzvü ölkələrin ABŞ-dən uzaqlaşmasına gətirib çıxara bilər. Lakin bu, həm ABŞ, həm də həmin ölkələr üçün müəyyən zərərlərlə nəticələnə bilər.Qütbləşmənin artması, soyuq müharibə dövründə olduğu kimi, qlobal ticarət zəncirlərinə və iqtisadi inkişaflara mənfi təsir göstərə bilər. Xüsusilə ABŞ-lə Rusiya və Çin arasında gərginlik ticarət əlaqələrinin pozulmasına səbəb ola bilər.
Hazırda "qlobal Cənub” ölkələri iqlim maliyyələşdirməsi və inkişaf məsələlərində əsas müzakirə mövzusudur. Bu ölkələr BRİKS-i alternativ model kimi daha cəlbedici hesab edə bilər. Amma ABŞ uzun illərdir ki, bu ölkələrdə inkişaf yardımları ilə lider mövqeyini qoruyur.Tramp administrasiyası dövründə ABŞ-nin beynəlxalq inkişaf agentliyi USAID-in bəzi ofislərinin bağlanması və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın məhdudlaşdırılması həmin ölkələrdə ABŞ-a qarşı etimadın zəifləməsinə gətirib çıxara bilər. Bu da BRİKS-in cazibədarlığını artırır.Lakin ABŞ-də qərarların qəbulu və icrası mürəkkəbdir və Tramp administrasiyasının bəyanatlarının hamısının reallığa çevrilməsi ehtimalı aşağıdır. ABŞ-nin daxili siyasi və hüquqi balansı bu cür addımların həyata keçirilməsinə nəzarət edir.
Beləliklə, ABŞ və BRİKS arasındakı münasibətlərin gələcəyi zamanla müəyyən olunacaq. Hazırda isə gərginlik və rəqabət artmaqdadır, amma proses hələ uzun müddət davam edə bilər”.
Ləman Mahmudlu