Putin özünü rəhmli göstərir, əslində isə...-Tramp

Tarix: 22:25 09.07.2025
Rusiya Prezidenti Vladimir Putin hər zaman rəhmli davranmağa çalışır, lakin əslində çox yalan danışır. Bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Bu müharibə əslində olmamalı idi. Xeyli insan ölüb, bu savaş bitməlidir. Putin bizə çoxlu cəfəngiyyat danışır. O, hər zaman özünü rəhmli göstərir, amma bu, heç bir məna kəsb etmir”, - deyə Ağ Ev rəhbəri bildirib.
Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “İnformator.az”a açıqlamasında bildirib ki, ümumiyyətlə, bu gün dünyada liderlər arasında verdikləri sözlərin arxasında durmamaq, yaxud bu gün bir fikir səsləndirib, növbəti gün həmin fikrə tamamilə zidd mövqe bildirmək artıq bir ənənəyə çevrilib:
“Çox təəssüflər olsun ki, bu hal qlobal siyasətdə, beynəlxalq diplomatiyada tez-tez müşahidə olunur. Ona görə də bir çox hallarda hadisələri proqnozlaşdırmaq xeyli çətinləşir.
Donald Tramp hakimiyyətə gələndə tamamilə fərqli ritorika ilə çıxış edib. Həmin dövrdə o, Putini öz dostu və verdiyi sözlərin arxasında dayanan bir lider kimi təqdim edib və eyni zamanda Zelenskini isə seçkisiz diktator və başqa təhqiredici ifadələrlə xarakterizə edib. Amma indi ritorikasını dəyişib.
Donald Trampın ritorikasının dəyişməsinin əsas səbəbi təkcə Rusiya-Ukrayna müharibəsinin gedişatı və ya ABŞ-nin beynəlxalq siyasəti ilə bağlı deyil. Əsas səbəb, ilk növbədə, ABŞ daxilində baş verən proseslərdir. Onun daxili siyasətdəki uğursuzluqları bu dəyişikliyin əsas mənbəyidir.
Donald Tramp ikinci prezidentlik dövründə, çox qısa müddət ərzində, daxili siyasətdə ciddi uğursuzluqlarla üzləşib. Bu iflasın ən bariz nümunələrindən biri də onun yaxın müttəfiqi olan Elon Musk ilə münasibətlərinin pozulmasıdır. Seçki öncəsi təbliğat dövründə və hətta prezident seçildikdən sonra bir kabinetdə çalışdıqları Elon Mask artıq onun yanında deyil. Əksinə, Trampın qarşısında mövqe sərgiləyir.
Elon Mask, xüsusilə Jeffrey Epstein məsələsi və Donald Trampın təşəbbüsü ilə qəbul edilən büdcə qanunu ilə bağlı səsləndirdiyi fikirlərlə ictimaiyyətdə rezonans doğurub. O, hətta yeni partiya yaratmaq niyyətini də ifadə edib. Bütün bunlar göstərir ki, Donald Tramp hələ hakimiyyətinin ilk 6 ayı tamam olmamış ciddi daxili siyasi böhranla üz-üzədir.
Politoloq qeyd edib ki, əslində, Donald Trampın diqqət mərkəzində xarici siyasətdən daha çox daxili siyasət dayanır:
“Onun impiçment məsələsi real təhlükə kimi qarşısında durur və o, artıq ölkə daxilində dəstəyini itirib. Bu da onu müxtəlif istiqamətlərdə siyasətini dəyişdirməyə vadar edir.Bu səbəbdən Tramp bu gün Ukraynaya yardım göstərmək fikirlərini səsləndirir, Vladimir Putini isə yalan danışmaqda, cəfəngiyyat yaymaqda ittiham edir. Amma bu cür ritorika artıq beynəlxalq siyasətdə təsirsiz görünür.
Cozef Bayden də Donald Trampdan öncə Putini cinayətkar, terrorçu və digər kəskin ifadələrlə tənqid edib.
Bəs bu, Rusiya-Ukrayna müharibəsinin gedişatına bir təsir etdi mi?
Yaxud beynəlxalq aləmdəki proseslərə yön verə bildimi?Xeyr.
Bu gün dünya elə bir həddə çatıb ki, liderlər təkcə bir-birini təhqir etmir, eyni zamanda bir-birini öldürməklə təhdid edirlər. Məsələn, bu gün biz İranın ali dini liderinin öldürülməsi ilə bağlı Benyamin Netanyahu və Donald Trampın ABŞ-də müzakirələr apardığını görürük. Onlar bu məsələləri açıq şəkildə ictimaiyyətə çatdırırlar.
Yəni, beynəlxalq diplomatiyada radikal yanaşmalar önə çıxıb. Bu da qlobal siyasətin ən ciddi problemlərindən biridir – liderlərin bir-birinə qarşı sərgilədiyi aqressiv münasibət dövlətlərarası əlaqələrə birbaşa təsir göstərir.Trampın Putini “rəhmli” göstərməsi və sonra onu yalançılıqda ittiham etməsi sadəlövh insanları aldatmaq məqsədi daşıyır. Ümumiyyətlə, siyasətdə doğru danışan varmı? Donald Trampın özü doğrudan danışıb mı? Onun hakimiyyətə gəldikdən sonra verdiyi vədlərin demək olar ki, heç biri yerinə yetirilməyib. İlk 6 ay ərzində belə onun bir çox yalanları ifşa olunub”.
Politoloq qeyd edib ki Rusiya Prezidenti də Ukraynaya hücum edərkən bunu “xüsusi hərbi əməliyyat” adlandırıb:
“Bu fikri Putin bu gün yox, üç il yarım əvvəl səsləndirib. Maraqlıdır ki, həmin dövrdə Donald Tramp Putini tərifləyib. O zaman Putin haqqında danışarkən, bu “xüsusi əməliyyatın”əslində nə mənaya gəldiyini anlamayıb? Yoxsa bu, sadəcə maraqlarına uyğun olduğu üçün həmin vaxt səsləndirilməyib?
Bu gün isə o, ictimaiyyətə göstərmək istəyir ki, guya indi anlayıb – Putin yalan danışır. Amma bu fikirlər əslində onu göstərir ki, Donald Tramp ictimaiyyəti aldatmağa çalışır”.
Politoloq əlavə edib ki, “müharibə olmamalı idi” fikrinə gəldikdə isə – bu, doğrudur, amma yetərli deyil:
“Müharibə olmamalı idi, bəli. Amma bu, o demək deyil ki, bu fikri səsləndirən şəxs onun baş verməməsi üçün real addımlar atıb. Əksinə, Tramp hakimiyyətə gəldikdən sonra verdiyi vədlərin heç biri reallaşmayıb. Nəinki atəşkəs, hətta münaqişənin səngiməsi belə baş verməyib.
Yaxın Şərqdə vəziyyət hələ də gərgindir. İsrail-İran müharibəsi artıq başlayıb. Hindistanla Pakistan arasında isə müharibə riski artır. Bütün bunlar onu göstərir ki, “müharibəyə qarşıyam” deyənlər əməldə bunun əksini nümayiş etdirirlər”.
Ləman Mahmudlu