İstanbulda Rusiya–Ukrayna Görüşü

Tarix: 13:54 23.07.2025
Bu gün Türkiyənin İstanbul şəhərində Ukrayna ilə Rusiya arasındakı danışıqların üçüncü turu keçiriləcək.
Məsələ ilə bağlı politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, bu gün keçiriləcək İstanbul görüşü əvvəlki görüşlərdə olduğu kimi humanitar məsələlərə dair müəyyən razılıqları özündə ehtiva edə bilər:
“Lakin çox təəssüflər olsun ki, indiki məqamda Rusiya və Ukrayna arasında hər hansısa formada atəşkəsin ilkin şərtləri ilə bağlı razılığın əldə olunması ehtimalı çox zəifdir. Çünki hərbi əməliyyatların daha da intensivləşməsi, eyni zamanda Rusiyanın işğal planlarını genişləndirərək daha çox Ukrayna ərazilərini nəzarət altına almaq, işğal etdiyi ərazilərin legitimləşdirilməsi istiqamətində kifayət qədər konstruktiv yanaşmaları onu deməyə əsas verir ki, hansısa formada beynəlxalq hüququ və ədalətə əsaslanan ortaq razılığın əldə olunması indiki məqamda mümkün deyil.
Yay aylarının sonuna qədər hərbi əməliyyatların, müharibənin davam edəcəyi ehtimalı kifayət qədər yüksəkdir. Ona görə də İstanbul görüşü çərçivəsində əldə olunacaq razılıqlar sadəcə humanitar məsələlərə aid müəyyən ortaq mövqeyi ifadə edə bilər. Türkiyə bu prosesdə mühüm rol oynayır.
Həm vasitəçilik missiyasını öz üzərinə götürməsi, həm də hər iki tərəfdən kifayət qədər etibarlı tərəfdaş qismində qəbul olunması görüşlərin İstanbulda keçirilməsinin önəmini bir daha ön plana çıxarır. Bundan sonrakı mərhələdə keçiriləcək görüşlərdə ola bilər ki, Türkiyənin də birbaşa iştirakı ilə daha vacib şərtlərə dair danışıqların aparılması ehtimalı gündəmdə olsun.
Qlobal sistemdə Ukrayna və Rusiya arasında davam edən danışıqlara münasibətdə mövqelər fərqlidir. Fərqli yanaşmalara əsaslanan bəyanatları biz aydın şəkildə ifadə olunduğunu müşahidə edirik. Lakin hər bir halda danışıqların davam etdirilməsi onu deməyə əsas verir ki, gələcək mərhələlərdə müəyyən şərtlər üzərində razılığın əldə olunması ehtimalı dəyərləndirilə bilər. Amma indiki reallığa uyğun olaraq Rusiya ilə Ukrayna arasında istənilən görüşlərin real nəticə verəcəyini, ya da atəşkəslə bağlı müsbət nəticələri özündə ehtiva edəcəyini düşünmürəm”.
Çimnaz Telmanqızı