Uitkoff yaxın günlərdə Moskvaya səfər edəcək

Tarix: 19:39 04.08.2025
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftəsonu Moskvaya səfər edəcək.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya planlaşdırılan səfəri onun ikinci prezidentliyi dövründə Rusiya ilə münasibətlərin hansı məcrada inkişaf edəcəyinə dair ilkin siqnallar verə bilər:
“Tramp hakimiyyətə qayıtdıqdan sonra Rusiya ilə dialoqu bərpa etmək istəyi ilə çıxış etsə də, bu səfər Moskva ilə konkret danışıqların başlandığının göstəricisi kimi qəbul oluna bilər. Səfərin zamanlaması və nümayəndənin statusu bu təşəbbüsün administrasiyanın rəsmi diplomatik strategiyasının bir hissəsi olduğunu göstərir.
Bayden dövründə sərtləşən Vaşinqton-Moskva münasibətləri fonunda Tramp administrasiyası daha çevik və kompromisə açıq yanaşma sərgiləməyə çalışır. Uitkoffun bu səfəri artıq paralel diplomatiya deyil, prezidentin rəsmi siyasətinin icrası kimi dəyərləndirilir. Tramp administrasiyası xüsusilə Ukrayna müharibəsi kontekstində Rusiya ilə danışıqlar imkanlarını araşdırmaq və Qərblə Moskva arasında sabitliyi təmin edəcək yeni siyasi mexanizmlər qurmaq istəyindədir.
Uitkoffun Moskvadakı mümkün təmaslarının əsas istiqamətləri enerji təhlükəsizliyi, qlobal bazarlarda stabillik və Ukrayna münaqişəsinin həlli ola bilər. Tramp komandası sanksiyaları yumşaltmadan qarşılıqlı faydalı əməkdaşlıq sahələrini bərpa etməyə çalışır. Bununla yanaşı, seçki təhlükəsizliyi və informasiya müharibəsinə dair qapalı müzakirələr də istisna deyil. ABŞ-Rusiya münasibətlərinin yeni mərhələyə keçməsi baxımından bu səfər ilk ciddi siyasi jest kimi dəyərləndirilə bilər”.
Çimnaz Telmanqızı