Bakıda Suriya–İsrail görüşü keçirilib

Bölmə: Siyasət › ,
Tarix: 20:32 04.08.2025

Suriya xarici işlər naziri Əsəd Həsən Əl-Şeybani ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında Bakıda gizli formatda görüş keçirilib. Bu nadir diplomatik təmas iki dövlət arasında uzun illərdir davam edən gərgin münasibətlər fonunda baş tutub və regionda sülhə dair potensial imkanların müzakirə edildiyi ehtimal olunur. Görüşlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

 

Məsələ ilə bağlı politoloq Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki,Bakıda keçirilmiş Suriya–İsrail danışıqlarının nəticələri barədə hələlik bircə cümləlik belə konkret və rəsmi məlumat yoxdur:

 

"Bu görüşün nəticələri ilə bağlı yalnız ehtimallara və mövcud reallıqlara əsaslanaraq müəyyən mülahizələr irəli sürə bilərik. Əlbəttə, Suriya ilə İsrail arasında bu cür danışıqların neçə dəfə keçirildiyini dəqiq bilmirik. Ancaq bildiyimə görə, bu, Bakıda baş tutan ikinci və ya üçüncü görüşdür.Suriya–İsrail münasibətlərinin kökləri o qədər dərin və konfliktlidir ki, bu ziddiyyətləri bir neçə görüşlə həll etmək, sadəcə olaraq, qeyri-mümkündür. Xüsusilə də nəzərə alsaq ki, bu gün Suriyanın bəzi əraziləri işğal altındadır və Suriya İsraili işğalçı, təcavüzkar dövlət kimi qəbul edir. İsrail isə hesab edir ki, Suriya onun mövcudluğuna real ekzistensial təhlükə yaradan əsas ərəb ölkələrindən biridir. Münasibətlərin bu qədər gərgin və qarşılıqlı inamsızlıq üzərində qurulduğu bir şəraitdə, əlaqələrin qısa müddətdə və bir neçə görüşlə normallaşdırılması, şübhəsiz ki, qeyri-mümkündür".

 

Ekspert həmçinin bunu da bildirib ki,İsrail Suriyadakı vətəndaş müharibəsindən sonra, xüsusilə druzlar timsalında bəzi etnik qrupları dəstəkləyir, Suriya isə bu dəstəyi ölkənin daxili işlərinə İsrailin birbaşa müdaxiləsi kimi qiymətləndirir:

 

"Yəqin ki, münasibətlərin normallaşdırılması üçün ilk növbədə hər iki dövlətin bir-birini rəsmi şəkildə tanıması olduqca vacibdir.Eyni zamanda Suriyanın işğal altındakı ərazilərindən İsrail qoşunlarının çıxarılması da əsas tələblərdən biri olacaq. Həmçinin İsrailin Suriyada bəzi qüvvələri, o cümlədən druzları bir etnik qrup kimi dəstəkləməsinə son qoyulması da Suriyanın tələbləri sırasında yer alacaq. Hazırda İsrail və Suriya arasında həllini gözləyən əsas və mürəkkəb məsələlər məhz bunlardır. Düşünürəm ki, bu məsələlərin hər biri ilə bağlı konkret razılaşma əldə olunmayana qədər iki ölkə arasında münasibətlər gərgin olaraq qalacaq. Eyni zamanda, bu gərginlik Suriyanın mövqeyini beynəlxalq hüquq normaları çərçivəsində dəstəkləyən digər regional dövlətlərin də maraqlarına birbaşa təsir edir. Məsələn, məlumdur ki, Türkiyə Suriyada hazırkı rejimin əsas himayədarlarından biridir. Eyni zamanda Türkiyə dövləti hesab edir ki, Suriya işğala məruz qalıb və onun bəzi əraziləri qanunsuz şəkildə nəzarət altındadır. Bu baxımdan, Suriya ilə İsrail arasında yaşanan qarşıdurma birbaşa olaraq Türkiyənin regional maraqlarına toxunur. Bundan əlavə, bölgədə ümumi sülhə və təhlükəsizliyə də ciddi təhlükə yaradır. Ona görə də bu münasibətlərin yalnız bir neçə görüşlə normallaşdırılması hələlik real görünmür. Normallaşma üçün hər iki dövlət bir-birini rəsmi şəkildə tanımalı və bölgədəki işğal faktına son qoyulmalıdır. Yalnız bu halda münasibətlərin normallaşmasından danışmaq mümkün olacaq.Əks halda, hesab edirəm ki, bölgədə uzun illər ərzində sabitliyin təmin olunması çox çətin olacaq".

 

Gülhüseynova Güllər