Vaşinqtonda üçtərəfli görüş gözlənilir

Bölmə: Siyasət › ,
Tarix: 19:02 05.08.2025

ABŞ-nin Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşün keçirilməsi gözlənilir. Görüşün məqsədi Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. 

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki,Trampın iştirakı ilə ABŞ-də keçirilməsi ehtimal olunan görüş Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının tezləşdirilməsinə və o cümlədən də Zəngəzur dəhlizinin açılması istiqamətində işlərə təkan verə bilər:

 

"Çünki bu səviyyəli görüşlər təsadüfən keçirilmir. Əgər görüş nəzərdə tutulubsa və bununla bağlı razılaşma varsa demək ki, həmin görüşün müvafiq nəticəsi də olacaq.

Məlumdur ki, son Əbu Dabi görüşündə tərəflər arasında beş saatlıq danışıqların nəticəsində müvafiq razılşamalar əldə olundu. Əbu Dabinin siyasi mərkəz olaraq ABŞ ilə yaxınlığını nəzərə alsaq deyə bilərik ki, həmin görüşdə əldə olunan razılaşmalar əslində Trampla görüş üçün bir hazırlıq mərhələsi olub. O görüşdə əldə olunan razılaşmalar özündə əsasən sülh sazişi maddələrinin paraflanmasını, Zəngəzur dəhlizini və sərhədlərin delimitasiya-demorkasiya prossesini ehtiva edirdi. 

Odur ki, indi Trampın iştirakı ilə keçiriləcək görüşdə sazişin paraflanması, yəni, maddə-maddə imzalanması baş tuta və Zəngəzur dəhlizi ilə bağlı hansısa qərar qəbul oluna bilər".

 

Ekspert həmçinin bunu da bildirib ki, Sülh sazişinin özünün bağlanması isə məlumdur ki, konkret şərtlərin yerinə yetirilməsindən asılıdır:

 

"Yəni, konstitusiya dəyişikliyi, ATƏT Minsk Qrupundan imtina. Əgər Tramp sülh sazişinin imzalanmasını tezləşdirmək istəyirsə o zaman Ermənistana bu istiqamətdə təzyiq göstərməlidir. Əgər Ermənistan konstitusiya dəyişikliyi öhdəliyi götürəcəksə o zaman hər hansı bir sənənd də imzalana bilər. Onsuzda bu və ya digər imzalanmış sazişin qüvvəyə minməsi üçün onun ratifikasiya olunması və sonra təsdiq edilməsi lazımdır. 

Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yolu olmadığını və eləcə də ABŞ-nin öz maraqları baxımından olsa belə sülh istəməsi baş verəcək görüşün nəticəli olacağına dair ümidləri artırır. ABŞ üçün Rusiyanın Cənubi Qafqazdan saxışdırılması və eləcə də Orta Asiya ölkələrinin Rusiya və Çinin təsir dairəsindən çıxarılması prioritet təşkil edir. Bunun üçün isə Cənubi Qafqazda sülhə və nəqliyyat yollarının blokadadan çıxarılmasına ehtiyac var".

 

Gülhüseynova Güllər