Liderlər arasında ikinci telefon danışığı

Bölmə: Siyasət › ,
Tarix: 19:03 05.08.2025

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında növbəti telefon danışığı baş tutub. Bu, liderlər arasında son bir həftə ərzində həyata keçirilən ikinci telefon danışığıdır. Danışıq zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

 

Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki,Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında baş tutan telefon danışığında əsasən Yaxın Şərqdəki vəziyyətin müzakirə olunub:

 

"İsrailin Rusiya ilə sıx münasibətinin hədəfi Rusiyanın İranın yanından çəkilməsinə və dəstəyi minimuma endirməsinə nail olmaq xarakteri daşıyır. Türkiyənin Rusiya ilə razılaşmasından sonra Rusiya Bəşşar əl Əsədin arxasından çəkilmişdi. Mümkündür ki, İsrail də anoloji nəticəyə İranla bağlı nail olsun. ABŞ-nin İsraillə olan münasibətlərinin tərkib hissəsi və ortaq siyasət planının detalı kimi İsrail Rusiya ilə danışıqlar aparır. Təbii ki, Rusiyanın Azərbaycana qarşı tutduğu yanlış mövqedən çəkilməsi üçün İsrail vasitəçilik edə bilər. Çünki Azərbaycan İsraillə Suriya, İsraillə Türkiyə arasında əhəmiyyətli dərəcədə vasitəçilik təşəbbüsü göstərib. İsrail ABŞ ilə demək olar ki, eyni dövlətdir. Rusiya ilə əlaqələrin hədəfi, mahiyyəti də ABŞ-nin iştirakı ilə planlaşdırılır. İsrail Qəzzanı tamamilə ələ keçirmək üçün Rusiyadan gələcək təhlükələri dəf etmək, ehtimalları minimuma endirmək üçün səylər göstərir. İsrail üçün strateji balansın qorunmasının o qədər də əhəmiyyəti yoxdur. Ukrayna bataqlığından Rusiyanı çıxarmaqda ciddi addımlar atmaq müqabilində ABŞ və İsrail Rusiyanın İrana dəstəyini minimuma endirmək uğrunda çalışırlar. İran Prezidentinin Pakistan səfərində bəzi sənədlərin imzalanması İsraili siyasət meydanında daha da sürətli hərəkət etməyə təhrik edir".

 

Gülhüseynova Güllər