Qarabağ Universitetində Tibb Fakültəsi Açılır

Bölmə: Sosial › ,
Tarix: 22:30 13.05.2025

2025/2026-cı tədris ilində Qarabağ Universitetinə 1300–1400 tələbənin qəbul olunacağı gözlənilir. Eyni zamanda, bu il Qarabağ Universitetinə tibb ixtisası üzrə də tələbə qəbulu aparılacaq.

 

Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı "İnformator.az"a açıqlamasında bildirib ki, sırf tibb profilli olmayan, müxtəlif və çoxşaxəli bir universitet üçün tibb fakültəsinin açılması əslində kifayət qədər çətin bir məsələdir:

 

“Çünki tibb fakültəsi birbaşa praktikaya, yəni praktik tibbi təcrübəyə əsaslanan bir ixtisasdır. Bu baxımdan Qarabağ Universiteti üzərinə doğrudan da çətin və məsuliyyətli bir missiya götürüb. Lakin universitet tibb fakültəsinin təşkili üçün zəruri işlərə artıq başlayıb. İlk növbədə klinikanın açılması planlaşdırılır. Klinikanın yaradılması ilə paralel şəkildə digər zəruri pedaqoji və maddi-texniki resursların da təmin olunması vacibdir. Universitetə yüksək peşəkar kadrların cəlb ediləcəyi də şübhə doğurmur. Sonrakı mərhələ isə universitetə tələbə qəbuludur. Bu baxımdan da universitetin hər hansı problem yaşayacağı gözlənilmir. Çünki həm ötən il qəbul planının tam dolması bunu deməyə əsas verir, həm də açılan ixtisas ölkənin ən prestijli və tələbatlı sahələrindən biri hesab olunur. Hətta bu il Qarabağ Universitetinin tibb ixtisası üzrə keçid balının Naxçıvan Dövlət Universitetinin keçid balını üstələyəcəyi də proqnozlaşdırılır".

 

Nigar Həsənzadə