Yeniyetmələrdə psixi sağlamlığa təsir edən risk amilləri -Psixoloqdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:41 13.05.2025

Müasir dövrdə yeniyetmələrin psixi sağlamlığı cəmiyyətin diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Bu yaş dövrü emosional dəyişikliklər, şəxsiyyətin formalaşması və sosial mühitə adaptasiya baxımından olduqca həssas bir mərhələdir.

 

Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova "İnformator.az"a açıqlamasında bildirib ki, yeniyetməlik dövrü insan həyatının ən həssas və kritik mərhələlərindən biridir:


"Bu dövrdə gənclər həm fiziki, həm də emosional baxımdan dəyişikliklər yaşayır və şəxsiyyət formalaşmağa başlayır. Bu mərhələdə bir çox sosial və psixoloji faktor psixi sağlamlığa mənfi təsir göstərə bilər.
Sevgi və anlayışdan məhrum mühit, valideynlər arasında konfliktlər, boşanma halları yeniyetmədə güvənsizlik, özünü dəyərsiz hiss etmək və depressiyaya meyil yaradır. Akademik uğur üçün yüksək gözləntilər, müəllim və sinif yoldaşları ilə münasibətlərdə yaşanan çətinliklər, kiber və fiziki zorakılıq ciddi risk amilləridir. Gənclər özlərini sosial şəbəkələrdə gördükləri ideal obrazlarla müqayisə edir, bu da özünü dəyərsizləşdirmə, yetərsiz görmə, bədən imicindən narazılıq və sosial narahatlıq yaradır.
Qəbul edilməmək qorxusu, qrupa daxil olmaq üçün özünü sıxma və ya uyğunlaşa bilməmək yeniyetməni psixoloji təzyiq altında saxlaya bilər. Uşaq yaşda zorakılıq, laqeyd münasibət, psixoloji və ya fiziki travmalar yeniyetməlikdə müxtəlif psixi pozuntulara zəmin yarada bilər. Yeniyetmənin formalaşmasında həm ailə, həm də məktəb mühiti əsas dayaqlardır. Bu iki mühit onun emosional tarazlığını, özünəinamını və sosial bacarıqlarını birbaşa formalaşdırır. Əgər uşaq evdə sevgi, qayğı və güvən içində böyüyür, özünü ifadə edə bilirsə, bu onun məktəbdə də özünü rahat hiss etməsinə, özünü ifadə etməsinə və öz dəyərini bilməsinə kömək edir. Ailə də laqeydlik, tənqid və ya psixoloji təzyiq varsa, bu, məktəbdə də onun özünü güvənsiz, narahat hiss etməsinə səbəb ola bilər. Məktəb mühiti isə yeniyetmənin sosiallaşması üçün ilk geniş ictimai mühitdir. Müəllimlərin münasibəti, dost seçimi, akademik təzyiqlər və sosial dəstək yeniyetmənin emosional vəziyyətinə ciddi təsir edir. Dəstəkləyici və anlayışlı məktəb mühiti yeniyetməyə özünü daha təhlükəsiz və dəyərli hiss etdirdiyi halda, zorakı və təzyiqli mühit onu özünəqapanma, təşviş və ya aqressiya ilə cavab verməyə sövq edə bilər. Depressiya və təşviş pozuntuları yeniyetmələrdə fərqli formada təzahür edə bilər. Onlar hər zaman kədərli və ya ağlayan olmaya bilərlər. Əksinə, bu yaş dövründə emosiyalar çox vaxt aqressiya, geri çəkilmə və davranış pozuntuları ilə özünü göstərir. Bu əlamətlər valideynlər və müəllimlər üçün xəbərdarlıq siqnalı olmalıdır, daim yorğunluq, enerjisizlik, motivasiya əksikliyi, əvvəllər zövq aldığı fəaliyyətlərdən uzaqlaşma yuxu və iştah pozuntuları, qəfil emosional partlayışlar, tez hirslənmə və ya həddən artıq susqunluq, özünü və gələcəyi ilə bağlı mənfi fikirlər, ümidsizlik hissi, sosial təcrid, dostlardan uzaqlaşma, tək qalmaq istəyi, özünə zərər vermə davranışları, ölüm və intihar haqqında qeydlər".

 

Psixoloqun sözlərinə görə, bu əlamətlər uzun müddət davam edir və yeniyetmənin gündəlik həyatına mane olursa, mütləq psixoloq və ya psixiatr dəstəyi alınmalıdır:


"Yeniyetmələrdə psixi sağlamlıq problemlərinin qarşısının alınması üçün əsasən profilaktik və sistemli yanaşma lazımdır. Burada həm ailənin, həm də təhsil sisteminin rolu böyükdür.
Ailələr üçün tövsiyələr:

Uşağın duyğularını ciddiyə almaq, onu dinləmək və etinasız yanaşmamaq, dəstəkverici, amma sərhədləri olan münasibət qurmaq,
müntəzəm ünsiyyət və birgə vaxt keçirməyi vərdiş halına gətirmək.

Sosial media istifadəsini izləmək və balans yaratmaq, uşağın emosional vəziyyətində dəyişiklikləri diqqətdən qaçırmamaq.
Məktəblər və təhsil müəssisələri üçün tövsiyələr bunlardır ki, məktəbdə psixoloji xidmətin olması və şagirdlərin bu xidmətə asan çıxışı,müəllimlərə yeniyetmələrin psixoloji inkişafı haqqında maarifləndirici təlimlərin keçirilməsi, bullinqin qarşısının alınması üçün sistemli proqramların tətbiqi, emosional tərbiyə və sosial bacarıqlar üzrə əlavə dərslər və ya layihələr, təzyiqsiz, inkişaf yönümlü akademik mühitin yaradılması.
Əgər ailə və məktəb birgə şəkildə bu tədbirləri həyata keçirərsə, yeniyetmələrin psixi sağlamlığını qorumaq və inkişaf etdirmək mümkün olar. Əsas məsələ onları dinləmək, anlamağa çalışmaq və hər zaman dəstək olmağa hazır olduğumuzu göstərməkdir".



Səmayə Səftərova