ABŞ ilə hava nəqliyyatının bərpası-Darçiyev

Bölmə: Siyasət › ,
Tarix: 18:14 11.06.2025

Rusiya yaxın vaxtlarda ABŞ ilə iki ölkə arasında birbaşa hava əlaqəsinin bərpası ilə bağlı danışıqlara başlayacağını gözləyir, bunu Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ və Rusiya arasında hava əlaqəsinin bərpası həm siyasi, həm də texniki məsələdir:

 

"ABŞ və Rusiya arasında hava əlaqəsinin bərpası həm siyasi, həm də texniki məsələdir. Siyasi baxımdan, ABŞ hava məkanını Rusiyaya Ukraynaya qarşı başladığı işğalçı müharibəyə görə qapadıb. Bu səbəbdən, hava əlaqəsinin yenidən qurulması təkcə texniki məsələ deyil, siyasi şərtlərin uyğun istiqamətə yönəlməsi də vacib rol oynayır. Texniki tərəfdən isə Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar aviasiya sahəsini də əhatə edir. Bu sanksiyalar Rusiya üçün vacib olan ehtiyat hissələrin əldə edilməsini çətinləşdirir və nəticədə texniki problemlərin yaranma ehtimalını artırır. Təmir və yenilənmə prosesləri də bu səbəbdən ciddi çətinliklərlə üzləşir. Hər kəsə məlumdur ki, bu cür texniki çatışmazlıqlar uçuş təhlükəsizliyinə birbaşa təsir göstərir və hava nəqliyyatının bərpasında maneə yarada bilər. Təbii ki, bu sahədə danışıqların aparılması mümkündür. Lakin yekun nəticəyə gəlinməsi kifayət qədər çətin ola bilər. Əgər Ağ Ev öz mövqeyində israrlı olarsa, o zaman Rusiyanın hava əlaqəsinin dayandırılmasına səbəb olan problemlərin də aradan qaldırılması tələb oluna bilər. Bu tələblər sırasında Ukraynaya qarşı müharibənin dayandırılması və Rusiya qoşunlarının bu ölkənin ərazisindən çıxarılması kimi şərtlər ola bilər. Əgər Tramp administrasiyası bu məsələdə qətiyyətli mövqe nümayiş etdirərsə və ya əksinə, Rusiyaya güzəştə gedərsə, hər iki halda münasibətlərdə müsbət dəyişiklik ehtimalı yaranacaq. Çünki hava nəqliyyatının bərpası eyni zamanda sanksiyaların müəyyən sahələrdə yumşaldılması anlamına gələcək. Bu da onu göstərir ki, əgər hava nəqliyyatı bərpa olunarsa, bu, tərəflər arasında müəyyən problemlərin artıq həll olunduğunu və münasibətlərin müsbət istiqamətə yönəldiyini göstərə bilər. Lakin hazırkı mərhələdə bu məsələ yalnız danışıqlar səviyyəsindədir və danışıqlar baş tutsa belə, onların necə nəticələnəcəyi hələ də qeyri-müəyyəndir".

 

Qəmər Kazımzadə