Haaqada minlərlə insan Qəzza üçün yürüş edib

Bölmə: Dünya › ,
Tarix: 13:04 16.06.2025

Hollandiyada 150 minə yaxın insan İsrailin Qəzzada apardığı müharibəyə qarşı çıxaraq, hökumətdən daha sərt mövqe tələb edib. Etirazçılar Haaqada Beynəlxalq Ədalət Məhkəməsinə doğru yürüş edib, Amnesty International və Oxfam kimi təşkilatların dəstəyi ilə “qırmızı xətt” aksiyası keçirilib.

 

Aksiya iştirakçıları İsrailin hücumlarını pisləyib, Haaqa küçələrində mahnılar oxuyub və çıxışlar edərək, Qəzzadakı soyqırıma diqqət yönəldib. Cənubi Afrikanın bu məsələ ilə bağlı qaldırdığı məhkəmə iddiasına da dəstək ifadə olunub. Etirazçılar eyni zamanda İsrailin İrana hücumlarının da dayandırılmasını istəyib.

 

Baş nazir Dick Schoof X-də yazaraq, hökumətin zorakılığı dayandırmaq və blokadanı aradan qaldırmaq üçün həm açıq, həm də qapalı danışıqlar apardığını bildirib: “Biz sizi görürük və eşidirik”.

 

Etirazçı həkim Salih əl Saddy Qəzzadan yayılan görüntülərin çox ağrılı olduğunu deyib. Belçika, Türkiyə, Braziliya və Yunanıstanda da oxşar aksiyalar keçirilib.


Al Jazeera

Qəmər Kazımzadə