İran–ABŞ münasibətləri və Makronun təşəbbüsü: Gərginlik azalacaqmı?

Bölmə: Siyasət › ,
Tarix: 13:16 16.06.2025

İran Prezidenti Məsud Pezeşkian Fransanın dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı mühüm bəyanat verib. O, İsrailin hücumlarının davam etdiyi müddətdə Tehranın ABŞ ilə nüvə müzakirələrində iştirak etməyəcəyini bildirib. Pezeşkian qeyd edib ki, İran diplomatik həll yollarına üstünlük verir, lakin təzyiq və irrasional tələblərlə danışıqlara oturmaq niyyətində deyil. Makron isə İran tərəfini danışıqlara qayıtmağa çağırıb.


Mövzunu politoloq Sultan Zahidov “İnformator.az”a şərh edərək bu fikirləri bildirib:


“Mən düşünmürəm ki, Fransanın hazırkı şəraitdə hansısa rolu ola bilər. Bu məsələnin eskalasiyası ilə bağlı əsas söz sahibi ABŞ və Rusiyadır. Fransa əsas aktyorlar sırasında deyil. ABŞ isə hazırda proseslərdə aktiv şəkildə iştirak etməyə maraq göstərmir. Düzdür, Tramp və Putin arasında bu barədə telefon danışığı olub, lakin ortada real nəticə yoxdur. ABŞ rəsmiləri dəfələrlə bəyan ediblər ki, İsrailin hücumlarında onların birbaşa rolu yoxdur. Bu isə o deməkdir ki, Vaşinqton proseslərdən müəyyən qədər kənarda qalmaq niyyətindədir.


Bu baxımdan Makronun vasitəçilik təşəbbüsünü real təsir gücünə malik hesab etmirəm. Diplomatik görüntüdən o tərəfə keçmir.


İsrailin İrana qarşı hücumları isə hələ davam edəcək. O vaxta qədər ki, ya tərəflərin raket istehsalı və nüvə imkanları neytrallaşdırılsın, ya da İran ABŞ-ın tələblərini qəbul edib danışıqlara razılıq versin. Amma indiki şəraitdə bu real görünmür. İran qətiyyətlə cavab vermək niyyətini ortaya qoyur və ballistik, hipersonik raketlərlə cavab hücumları həyata keçirir. İsrail isə bu hədəflərə qarşı bombardmanları davam etdirir”.


Solmaz Muradova