Rusiya Bakıya minnətdarlığını bildirib

Tarix: 19:53 17.06.2025
Ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsinin təmin edilməsində göstərdiyi köməyə görə Azərbaycana minnətdardır.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan ümumiyyətlə regionda sülhün, normal əməkdaşlığın tərəfdarı kimi bütün qonşularla isti münasibətin tərəfdarıdır:
"Hazırda hətta Ermənistanla sülhün təmin olunaraq rəsmiləşdirilməsi üzərində işlər görülür. Həmçinin ölkəmizin İran və Rusiya ilə də bir çox sahələrdə əlaqələri var və bu davamlı şəkildə inkişaf etdirilir. Tarixi, mədəni, iqtisadi və başqa sahələrdə münasibətlərin olması, digər yönlərdə də mübadilələrin aparılması halları mövcuddur. Regionun labüd taleyi bu ölkələri istər-istəməz bir - birinə bağlayır, münasibətlərinin daima müsbət yöndə inkişafını zəruri edir. Məlum təyyarə faciəsindən sonra Rusiya ilə münasibətlərimizdə təbii olaraq soyuqluq yarandı. Şübhəsiz ki, Rusiya rəsmən üzr istəməli və müvafiq lazımi addımlar atmalı idi. Amma hadisəyə göstərilən münasibət qənaətbəxş olmadı və təbii olaraq da Azərbaycan haqlı tələblərinin üzərində dayanmalı oldu. Lakin indiki durumda Rusiya - Ukrayna müharibəsinin həlledici mərhələsində Azərbaycana daha çox ehtiyac duyduğu açıq görünür və eyni zamanda İran-İsrail müharibəsi bölgədə ciddi narahatlıqlar yarada bilər ki, bu zaman proseslərin nizamlanmasında Azərbaycanın rolu vacibdir. Buna paralel olaraq Azərbaycan və Ermənistan Rusiyasız da münasibətlərini qaydaya salaraq sülh üzərində işləyirlər. Rusiya vətəndaşlarının İrandan təxliyyəsi zamanı Azərbaycanın kömək əlini uzatması tamamilə yerinə atılmış humanist addımdır və bəlkə də bu, Rusiyanı utandırır. Təşəkkür etməklə də münasibətlərin əvvəlki istiliyinə qayıtması arzularını ifadə etmiş olurlar. Əsasən İranla bağlı hazırda Rusiyanın Azərbaycan və Türkiyə ilə danışmalı olduğu bir çox mövzular var. Ortaq və ayrı maraqlar, siyasi və başqa sahələrdə region ölkələrini narahat edən, maraqlandıran mövzular var. Hazırki vəziyyətdə Rusiya bu ehtiyacı hiss edir. Ölkəmiz öz humanist mövqeyini ortaya qoyaraq insanların təxliyyəsi üçün bütün lazımi addımları atdı. Bu, regionda gedən geosiyasi rəqabətdə ölkəmizin ədalətli, səmimi və şəffaf siyasət yürütdüyünü bir daha ortaya qoydu. Bu, həm də Rusiyaya bir jest idi. Təbii ki, onlar da bunu qiymətləndirib təşəkkür ifadə ediblər. Bu addım Azərbaycanın nüfuzunu bir qədər də yüksəltdi. Ölkəmiz əsasən region ölkələrinə, qonşulara hər zaman dost münasibətində olduğunu göstərməklə, öz humanist addımları ilə nümunə olub, şübhə yeri qoymayıb. Bu, Azərbaycan diplomatiyasının doğru yönə istiqamət götürdüyünün örnəyidir".
Fatimə Heydərova