Regionun təhlükəsizliyi risk altındadır

Bölmə: Siyasət › ,
Tarix: 21:18 17.06.2025

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan telefon danışığı zamanı İsrail-İran müharibəsini müzakirə ediblər. Bildirilib ki, Türkiyə Prezidenti İsrailin İrana hücumları ilə başlayan gərginliyin bütün regionun təhlükəsizliyini risk altına qoyduğunu və bölgənin başqa bir müharibəyə dözə bilməyəcəyini qeyd edib. R.T. Ərdoğan, həmçinin diplomatik əlaqələr vasitəsilə münaqişələri sonlandırmaq üçün çalışdıqlarını vurğulayıb: "İranla nüvə mübahisəsinin həlli danışıqlar masasına qayıtmağı tələb edir".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Türkiyənin Yaxın Şərqdəki sülh təşəbbüsləri bu region üçün olduqca böyük əhəmiyyət daşıyır:

 

"Rəsmi Ankaranın atdığı addımlar regionda sülhün, sabitliyin təmin olunması baxımından ciddi addımlardır. Ancaq Türkiyə Yaxın Şərq regionuna təsir etmək imkanlarına malik olsa da, İsrail və İran arasındakı vasitəçilik imkanları o qədər də geniş deyil. Türkiyənin İranla münasibətləri normal olsa da, İsraillə kəskin ziddiyyətlər yaşanır. Rəsmi Ankara digər variantları gündəmə gətirmək imkanındadır. Sülhə nail olmaq üçün müəyyən cəhdlər göstərir. Bu məsələ uğurla nəticələnərsə, Rəsmi Ankaranın təklifləri ilə İsrail və İran arasında vasitəçilik missiyasının qəbul ediləcəyi gözlənilir. İsrail və İran arasındakı savaşın əsas planlarının Ağ Evdə qurulduğu barədə ehtimallar mövcuddur. Əgər bu ehtimallar doğrudursa, bu savaşı ABŞ dayandıra bilər. İndilik isə ABŞ-nin belə bir niyyəti müşahidə olunmur. Bu baxımdan, Yaxın Şərq üçün sülh prosesi qəliz bir situasiya ilə üzləşib. Kənar müdaxilələr gərginliyin daha da artmasına səbəb ola bilər. Beynəlxalq güc mərkəzləri dərhal bu savaşın dayandırılması üçün addımlar atmasa, dünya böyük bir qlobal problemlə qarşılaşa bilər".

 

Aygün Babayeva