Rusiya üç istiqamətdən hücum edir-Şiddətli döyüşlər gedir

Tarix: 20:29 17.06.2025
Rusiya işğalçı qüvvələri Donetsk vilayətində Konstantinovkanı üç istiqamətdən mühasirəyə almağa çalışır. Şiddətli döyüşlər gedir.
Bu barədə Ukraynanın “Xortitsa” əməliyyat-strateji qruplaşmasının mayoru Viktor Trequbov məlumat verib.
Onun sözlərinə görə, hazırda rus qoşunları Pokrovsk istiqamətindən – Pokrovsk-Konstantinovka magistral yolu ilə Konstantinovkaya daxil olmağa çalışır.
Trequbov qeyd edib ki, hazırda ən gərgin döyüşlər məhz burada gedir.
Mövzu ilə bağlı “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri politoloq Elçin Xalidbəyli “İnformator.az” a açıqlamasında bildirib ki, son vaxtlar Rusiya, öz ərazisinə birləşdirdiyini elan etdiyi Ukrayna vilayətlərinin hələ işğal olunmamış hissələrini də ələ keçirməyə cəhd göstərir:
“Rusiyanın sülh şərtlərində bu, əsas tələblərdən biri kimi ön plana çıxır. Kreml çalışır ki, həmin vilayətlər tam şəkildə Rusiyanın tərkibinə daxil edilsin və bu fakt beynəlxalq ictimaiyyət tərəfindən hüquqi baxımdan, yəni de-yure tanınsın.
Halbuki dünya ictimaiyyəti bu addıma qarşıdır. Bu, qəbulolunmaz bir haldır və Ukraynanın suverenliyi ilə ərazi bütövlüyünün pozulması anlamına gəlir. Lakin Rusiya öz neo-imperialist iddialarını beynəlxalq hüquqdan üstün tutur və Ukrayna ərazilərini ələ keçirməkdə israrlıdır.
Digər tərəfdən, İsrail-İran qarşıdurmasının silahlı toqquşmaya çevrilməsi də Rusiyanın maraqlarına cavab verir. Çünki hazırda ABŞ, Avropa İttifaqı və ümumilikdə NATO dövlətlərinin diqqəti əsasən İsrail-İran savaşına yönəlib. Bu səbəbdən də Ukraynadakı müharibə nisbətən arxa plana keçir.
Məhz bu vəziyyətdən istifadə edən Rusiya müharibə şərtlərini öz maraqları istiqamətində dəyişməyə çalışır və həmin dəyişiklikləri gələcək sülh danışıqlarında tələb kimi irəli sürmək niyyətini nümayiş etdirir. Bu məqsədlə Rusiya son vaxtlar daha intensiv şəkildə Ukrayna şəhərlərinə, o cümlədən paytaxt Kiyevə hücumlar təşkil edir.
Kreml böyük ehtimalla düşünür ki, hazırkı məqamdan yararlanaraq Ukraynanı maksimum səviyyədə zəiflətmək və nəticədə onu bütün şərtləri qəbul edərək kapitulyasiya aktı imzalamağa məcbur etmək mümkündür. Bu istiqamətdə Moskva ciddi ümidlər bəsləyir.
Elçin Xalidbəyli əlavə edib ki, dünyanın diqqətinin İsrail-İran müharibəsinə yönəlməsi, Rusiyanın öz neo-imperialist hədəflərinə çatması baxımından müəyyən mənada münbit şərait yaradır:
“Belə görünür ki, bu iki savaş paralel şəkildə inkişaf edəcək və hər iki münaqişənin intensivliyi günü-gündən artacaq. Bu isə o deməkdir ki, dünya iki qlobal silahlı qarşıdurmanın astanasında dayanıb.
Əgər yaxın vaxtlarda bu iki münaqişənin dayandırılması istiqamətində prinsipial və qətiyyətli addımlar atılmazsa, dünya üçüncü dünya müharibəsi ilə üz-üzə qala bilər”.
Mahmudlu Ləman