İsrail–İran gərginliyi-Arxa plandakı səbəblər

Bölmə: Siyasət › ,
Tarix: 20:38 17.06.2025

 

Pakistanın müdafiə naziri Xavaca Asifin İsrailin bölgədəki hərbi əməliyyatlarına və Yaxın Şərqdə artan gərginliyə dair səsləndirdiyi sərt açıqlama beynəlxalq diqqətə səbəb olub. Nazir bildirib ki, İsrailin Yəmən, İran və Fələstinə yönələn hərbi strategiyası təkcə bu ölkələri deyil, bütün İslam dünyasını təhlükə altına alır. O, Pakistanın İranla həmrəy olduğunu bəyan edərək, susqunluğun artıq seçim olmadığını vurğulayıb.

 

İsrail–İran qarşıdurmasının genişlənməsi regional və qlobal güc balansına necə təsir göstərə bilər?

 

Mövzu ilə əlaqədar politoloq Kənan Novruz "İnformator.az"a bildirib ki, İsrail ilə İran arasında baş verən son hərbi toqquşmalar əslində gözlənilən idi:

 

"Son iki ildə İsrailin mövqeyi göstərirdi ki, Tehrana qarşı hərbi müdaxilə planları var. Bu hücumların gecikməsi isə əsasən ABŞ-nin buna icazə verməməsi və razılıq bildirməməsi ilə bağlı idi.

 

Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra, İsrailin İrana hərbi müdaxiləyə hazırlaşdığı bir vaxtda Vaşinqton–Təl-Əviv münasibətlərində soyuqluq müşahidə olunmağa başlayıb. İsrail, Həmasla artan eskalasiyanı bəhanə edərək regionda gərginliyi daha da genişləndirmək, eyni zamanda İrana zərbə endirmək niyyətində idi. Lakin bu plan üçün ABŞ-nin açıq dəstəyi tələb olunub".

 

Ekspert əlavə edib ki, ABŞ isə bu dövrdə İranla nüvə sazişi ilə bağlı danışıqları davam etdirirdi və bu prosesin pozulmasını istəməyib:

 

"Vaşinqton vəziyyəti idarə etməkdə çətinlik çəkib və nəticədə İsrail ABŞ-nin razılığı olmadan İrana qarşı hərbi əməliyyata başlayıb.

 

İsrailin bu hücumlarının əsas motivlərindən biri məhz ABŞ–İran nüvə sazişini pozmaq idi. Çünki Təl-Əviv düşünürdü ki, bu danışıqlar real nəticə verə bilər və İranın beynəlxalq gücünü artıra bilər.

 

İsrailin endirdiyi zərbələr nəticəsində İranın hərbi elitasına ciddi itkilər verilib: təxminən 20-yə yaxın yüksək rütbəli şəxs – qərargah rəisləri, nüvə alimləri və generallar həlak olub.

 

Bu məqamda İranın qarşısında iki seçim var idi: ya cavab verməmək və eskalasiyanın böyüməsinin qarşısını almaq, ya da qəti şəkildə reaksiya göstərmək. Rəsmi Tehran ikinci variantı seçib. Beləliklə, daxildə mümkün iğtişaşların qarşısı alınsa da, regionda müharibənin miqyası genişlənib.

 

Hazırkı vəziyyət, əslində, ABŞ üçün sərfəli görünür. “A planı” olan danışıqlar prosesindən istədiyini ala bilməyən Vaşinqton indi “B planı”na keçib: İranın zəif düşdüyü bir məqamda ya Tehranı razı salmağa, ya da İsrailə dəstək verərək ona təzyiq göstərməyə çalışır.

 

Nəticədə, İran ABŞ-nin nüvə sazişi ilə bağlı maraqlarını təmin edəcəyi təqdirdə Vaşinqton neytral mövqe sərgiləyə bilər. Əks halda, İran sərt və ambisiyalı mövqeyindən imtina etməzsə, ABŞ həm diplomatik, həm də hərbi təzyiqlərlə onu daha da sıxışdıracaq".

 

Türkan Kərimli