ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir-Politoloqdan ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:48 17.06.2025

 


ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki gərgin vəziyyətlə bağlı Milli Təhlükəsizlik Şurasının Ağ Evdə fövqəladə iclasını çağırıb. O, bu səbəbdən Kanadada keçirilən G7 sammitini vaxtından əvvəl tərk edərək Vaşinqtona qayıdıb.

 

Mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail-İran münaqişəsinin kontroldan çıxması ABŞ-ni narahat edir:


“ABŞ bölgədə İsrailin müdafiəsində daha aktiv iştirak etmək və eyni zamanda İrana sərt mesaj vermək istəyir. Artıq ABŞ-yə məxsus, havada yanacaq doldurma üçün istifadə olunan otuzadək təyyarə Avropaya gətirilib. Bu təyyarələr uzaq hədəflərə zərbə endirmək üçün nəzərdə tutulub. ABŞ bununla açıq şəkildə mesaj verir ki, İranı daha ağır bombardmanlar və çətin günlər gözləyir. ABŞ aviadaşıyıcılarını bölgəyə göndərir. Onlardakı qırıcılar İsrailə atılan raketləri havada zərərsizləşdirmək üçün istifadə olunacaq. Bu, ABŞ-nin İsraili müdafiəsiz qoymayacağını göstərir”.

 

Politoloq qeyd edib ki, Tramp İrana qarşı təzyiqin daha da artacağını bildirib:

 

“Tehran əhalisi şəhəri tərk etməyə çalışır ki, bu da ABŞ-nin İrana qarşı əməliyyatları dərinləşdirməyə çalışdığını göstərir. Bu gün Çindən qalxaraq Türkmənistan üzərindən İrana daxil olan yük təyyarəsi müşahidə edilib. Bu da Çinin İrana müəyyən yardım etdiyini göstərir. ABŞ isə bu məsələdə iştirakını daha da artırır. Buna görə G7 sammitindəki görüş tərk olunub. Tramp sülhə doğru heç bir addım atmayacaq. Baxmayaraq ki, Makron onun atəşkəsə getdiyini bildirmişdi, Tramp buna etiraz edib və daha böyük hadisələrin baş verəcəyini bildirib”.


Əminə Əliyeva