Startap Mədəniyyəti və Texnologiyada Sahibkarlıq

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:57 17.06.2025

Startap mədəniyyəti – yenilikçi ideyalar ətrafında formalaşan, çevik, sürətlə dəyişən, riskə açıq və dinamik bir iş mühitidir.

 

Məsələ ilə bağlı İT mütəxəssisi Fərid Kazımov “İnformator.az”a açıqlamasında bildirib ki, keçən illərə baxsaq, mühit sağlamlaşmaq üzrədir:

 

“Azərbaycanda startaplara vergi güzəştləri tətbiq olunur. Startap Şurası vasitəsilə startaplar 3 il müddətində şəhadətnamə ala bilirlər və bu müddət ərzində mənfəət vergisindən azad edilirlər. Bu istiqamətdə müəyyən işlər görülüb. Əvvəlki illərə nəzər yetirsək, görərik ki, Azərbaycan startap hərəkatı 2009–2010-cu illərdə daha çox inkişaf edib.

 

Lakin əgər Azərbaycanı qlobal miqyasda qiymətləndirsək, vəziyyətin o qədər də qənaətbəxş olmadığını görərik. Hələ də bir çox region ölkələri ilə müqayisədə – məsələn, ABŞ, Cənubi Koreya, Yaponiya və Çinlə müqayisədə – geridə qalırıq.

 

Azərbaycanda normal startapların sayı çox məhduddur. İnvestor bazara çıxsa belə, keyfiyyətli startap tapmaqda çətinlik çəkə bilər. Bununla yanaşı, institutlar yaradılmalıdır. Hazırda fəaliyyətdə olan startapların böyük əksəriyyəti Azərbaycana məxsus deyil. Onlar hüquqi baxımdan ölkədə şirkət kimi fəaliyyət göstərmirlər.

 

Hər bir yaradılan məhsulun komandası bilməlidir ki, böyük ehtimalla həmin məhsul uğursuz olacaq. Bu, qlobal statistikaya əsaslanır – 10 startapdan 9-u məhv olur. Startapları yaradan komandaların bilik səviyyəsi aşağıdır. Mən düşünürəm ki, əsas problem ondan ibarətdir ki, startap komandaları potensial müştərilərinin tələbatını anlaya bilmirlər. Azərbaycanda aparılan araşdırmalara görə, bir çox hallarda investisiya olmadığı üçün məhsul da yaradıla bilmir. Əgər startapı yaradan komandada bazarı və məhsulun texniki nüanslarını anlayan bir nəfər belə yoxdursa, nəticə uğursuzluq olur.

 

Startaplar anlamalıdırlar ki, onların uğuru və məğlubiyyəti məhz özlərindən asılıdır. Onlar çox çalışmalıdırlar. Yalnız ağır yolları keçərək uğurlu nəticə əldə etmək mümkündür. Mən əminəm ki, yaxın illərdə Azərbaycanda dəyəri 1 milyard dollardan çox olan startaplar yaranacaq".

 

Çimnaz Telmanqızı